Tələbələrə kirayə ev tələsi - Dələduzların bu hiyləsinə aldanmayın!

  • “İndi pul göndər, yoxsa ev gedəcək”: Kirayə ev axtaranları belə aldadırlar"

Yeni tədris ilinin başlaması ilə tələbələr arasında kirayə mənzil axtarışları kəskin artır. Lakin belə dövrlərdə regionlarda, xüsusilə də paytaxtın kirayə mənzil bazarında ciddi canlanma və qiymət artımı müşahidə olunur. Tələbələr təbii olaraq təhsil aldıqları universitetlərin yaxınlığında, büdcələrinə münasib kirayə evlər tapmağa çalışırlar. Belə məqamlarda isə saxta kirayə elanları verən dələduzlar ortaya çıxır. Onlar tələbələrin çarəsizliyindən və axtarışlarından öz mənfəətləri üçün istifadə edərək, mənzil bazarında tələlər qururlar. Söhbət "ucuz və münasib qiymətə kirayə ev verilir" adı ilə vətəndaşları aldadan fırıldaqçılardan gedir.

Daxili İşlər Nazirliyi (DİN) də bu yaxınlarda kirayə ev axtarışına çıxan vətəndaşlara xəbərdarlıq edib. Hüquq-mühafizə orqanlarına bu sahədə dələduzluq halları ilə üzləşən bir çox vətəndaşın, o cümlədən tələbələrin müraciətləri daxil olub. Dələduzlar əsasən sosial şəbəkələrdə və müxtəlif elan platformalarında saxta mənzil elanları yerləşdirirlər. Onlar mənzili “saxlamaq” və ya rezerv etmək adı ilə əvvəlcədən beh tələb edirlər. Evi əldən vermək istəməyən tələbələr isə tələsik həmin behi ödəyirlər. Lakin pulu alan kimi dələduzlar dərhal ortadan yoxa çıxırlar. 

Bəs bu cür hallarla rastlaşan vətəndaşlar, xüsusilə də tələbələr nələrə diqqət yetirməlidir?

Bununla bağlı Sherg.az-a kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov öz tövsiyələrini bölüşüb:

Ekspert saxta elanları müəyyən etməyin yollarını sadalayıb:

"Yeni tədris ilinin başlaması tələbələr arasında kirayə ev axtarışlarını artırır və bu da kiberdələduzların aktivləşməsinə fürsət yaradır. DİN-in xəbərdarlığında qeyd olunduğu kimi, fırıldaqçılar sosial şəbəkələrdə saxta ev elanları yerləşdirərək, vətəndaşları torlarına salırlar. Onlar internetdən tapdıqları cəlbedici mənzil şəkillərini real bazar qiymətindən qat-qat ucuz qiymətə elana qoyurlar. Vətəndaş zəng etdikdə isə "Mənzilə baxanlar çoxdur, evi sizin üçün saxlamağımı istəyirsinizsə, təcili karta beh göndərin" deyərək pulları mənimsəyirlər.

Saxta elanları aşağıdakı sadə yollarla ayırd etmək olar:

- Qiymətin kəskin ucuz olması kirayə axtaranlarda müəyyən şübhələr yaratmalıdır. Yəni, yaxşı təmirli mənzilin real dəyərindən yarı qiymətinə təklif edilməsi kirayə axtaranlarda ilk şübhə siqnalı olmalıdır.

- Evi görmədən beh tələb olunması da şübhəli hallardan biridir. Bu zaman vətəndaşlar agah olmalıdırlar ki, evi göstərmədən və şəxsiyyətini təsdiq etmədən pul istənilməsinin 99 faizi dələduzluğun əlamətidir.

- Əgər beh pulu üçün sizi tələsdirirlərsə, bilin ki, burada da narahatedici hal var. “İndi behi atmasan, başqasına verəcəyəm” deyərək sizi təcili qərar verməyə məcbur edirlərsə, tələsməyin. Bilin ki, bu, dələduzların vətəndaş hər şeydən agah olmadan pulu tez ələ keçirmək istəyindən irəli gəlir.

* Belə hallarda ünsiyyətin hansı yollarla və necə qurulması da önəmlidir. Yəni, elan sahibinin birbaşa zənglərə cavab verməkdən yayınması, yalnız WhatsApp və ya digər sosial platformalar vasitəsilə yazışmağa üstünlük verməsi ciddi şübhə doğurmalıdır".

Həmsöhbətimiz dələduzların hiyləsindən qorunmağın qızıl qaydalarını da açıqlayıb:

"Gözünüzlə görmədiyiniz və qapısını özünüz açmadığınız evə əvvəlcədən bir manat da olsun beh göndərməyin. Pul ödənilməzdən əvvəl mütləq ev sahibinin şəxsiyyət vəsiqəsini və mənzilə dair sənədləri (çıxarışı/kupçanı) yoxlayın. Əgər belə bir dələduzluq halı ilə qarşılaşsanız, vaxt itirmədən DİN-in "102" xidmətinə müraciət edin. Unutmayın, hələ almadığınız və görmədiyiniz xidmətə öncədən pul verməmək ən etibarlı müdafiə üsuludur".