Uşaqlar son vaxtlar özlərinə çox zərər verirlər - Sosioloq əsas səbəbləri açıqladı

  • İnternet, bullinq və ailədaxili problemlər intihara aparan görünməz təhlükələrdir

Bakının Yasamal rayonu, 225 saylı tam orta məktəbdə VII sinif şagirdinin faciəli ölümü uşaqların müdafiəsinin hələ də zəif olduğunu göstərir. İnformasiya ilk öncə “intihar” kimi təqdim edilsə də, sonra şagirdin 4-cü mərtəbədə sinif otağının pəncərəsindən yıxıldığı bildirildi.

Qəribədir. Şagird niyə pəncərəyə dırmaşır ki, yıxılıb həyatını itirir? Əlbəttə, yenə də bildiriləcək ki, istintaq gedir, səbəblər araşdırılacaq. Lakin bundan əvvəlki bir çox hadisədə olduğu kimi bu faciə də 1-2 gün sonra unudulacaq. İntihar sözündən qorxmağımız təbiidir. Zərərli vərdişlər keçici, ötürücü xüsusiyyətə malikdir. Amma intiharı yaradacaq hallara qarşı təsirli mexanizmlərlə mübarizə aparırıqmı? 

Sosioloq Naib Niftəliyev Sherg.az-a açıqlamasında bu haqda danışdı: 

- İndiki dövrdə uşaqların informasiya əldə etmək imkanları genişdir. Bununla yanaşı, onlar müxtəlif oyunların, sosial şəbəkələrin və internet məzmunlarının təsirinə məruz qalırlar. Bəzən bu təsirlər uşaqların davranışlarına və qərarlarına mənfi təsir göstərə bilər. Buna görə də sosial şəbəkələrdən istifadəyə nəzarət edilməsi, internet məzmununa müəyyən məhdudiyyətlərin qoyulması, uşaqların yaşlarına uyğun filmlərə baxmalarının təmin edilməsi və ekran qarşısında keçirdikləri vaxta diqqət yetirilməsi vacibdir. Bu məsələlər qanunvericilik və müvafiq qaydalar çərçivəsində tənzimlənməlidir.

Sosioloq qeyd etdi ki, Uşaq hüquqlarının müdafiəsi, onların maraqlarının düzgün ifadə olunması və sağlam mühitdə tərbiyə edilməsi mühüm sosial məsələlərdəndir. Burada söhbət zorakılıqdan deyil, uşaqların şəxsiyyət kimi formalaşmasına kömək edən müasir tərbiyə metodlarından istifadə edilməsindən gedir: 

- Belə halların sayı çox olmasa da, ayrı-ayrı faktların mövcudluğu problemin ciddiliyini göstərir. Bu baxımdan, hər bir hadisəyə diqqətlə yanaşmaq və onun səbəblərini araşdırmaq lazımdır. Hər hansı hadisə barədə məlumat yayıldıqda, ilk növbədə, faktlar dəqiqləşdirilməlidir. Uşağın davranışının səbəbləri, hadisənin hansı şəraitdə baş verdiyi və onun hərəkətinə hansı amillərin təsir göstərdiyi araşdırılmalıdır. Bəzən uşaqlar müəyyən təsirlərin altında düşünülməmiş addımlar ata, diqqət cəlb etməyə və ya yaşadıqları çətinlikləri ifadə etməyə çalışa bilərlər. Buna görə də hər bir hadisənin mahiyyətini dərindən öyrənmək vacibdir. Uşaqların düşüncə tərzi, emosional vəziyyəti və qərarvermə qabiliyyəti yaş xüsusiyyətlərinə uyğun olaraq formalaşır. Onlar daha həssas ola və bəzi hadisələrin nəticələrini böyüklər kimi qiymətləndirə bilməyə bilərlər. Buna görə də uşağın davranışını yalnız onun şəxsi qərarı kimi dəyərləndirmək düzgün deyil. Kənar təsirlər, ailədəki münasibətlər, məktəb mühiti və psixoloji vəziyyət də nəzərə alınmalıdır.

Sosioloq bildirir ki, bəzi hallarda uşağın davranışının arxasında ciddi psixoloji çətinliklər dayansa da, valideynlər və müəllimlər bunu vaxtında hiss etməyə bilərlər. Hətta ailəsini, ətrafındakı insanları və yaşadığı mühiti tanıyan uşağın da təhlükəli davranışlar sərgiləməsi mümkündür. Buna görə də uşağın davranışlarını müşahidə etmək, onun emosional vəziyyətindəki dəyişiklikləri vaxtında müəyyənləşdirmək və zəruri hallarda mütəxəssis dəstəyi almaq mühüm əhəmiyyət daşıyır: 

- Uşaqların özlərinə zərər vermə davranışlarını qiymətləndirərkən onların niyyətini və hadisənin səbəblərini diqqətlə araşdırmaq lazımdır. Hər bir belə hadisəni əvvəlcədən formalaşmış intihar niyyəti ilə əlaqələndirmək olmaz. Bəzi hallarda bu davranışlar təhlükənin düzgün qiymətləndirilməməsi, impulsivlik, emosional gərginlik və ya başqa psixoloji amillərlə bağlı ola bilər. Bununla belə, uşağın davranışının səbəbi nə olursa-olsun, onun təhlükəsizliyi və psixoloji vəziyyəti əsas prioritet olmalıdır. Əgər 11–14 yaş aralığında olan uşaqlarda özünə zərərvermə davranışları və ya intihar düşüncələri müşahidə edilirsə, bu, onların ətrafında mövcud olan psixoloji, sosial və pedaqoji amillərin ciddi şəkildə araşdırılmasını tələb edir. Belə hallarda ailədəki münasibətlər, məktəbdəki mühit, uşağa göstərilən təzyiqlər və onun emosional ehtiyaclarının qarşılanması nəzərdən keçirilməlidir.

Uşağın təzyiqə, təhqirə, ayrı-seçkiliyə, bullinqə və ya kiberbullinqə məruz qalması onun psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə də məktəblərdə sağlam sosial mühitin yaradılması, şagirdlər arasında qarşılıqlı hörmətin təşviq edilməsi və bullinq hallarına vaxtında müdaxilə olunması vacibdir.

N.Niftəliyev bildirdi ki, uşaqlar arasında intihar və özünə zərərvermə hallarının müxtəlif səbəbləri ola bilər. Sosial problemlər, ailədaxili münasibətlər, məktəb mühitindəki çətinliklər, psixoloji gərginlik, internetdə qarşılaşılan məzmunlar, müxtəlif oyunların təsiri və yanlış istiqamətləndirmə bu amillər sırasındadır: 

- Bu cür hadisələrlə qarşılaşdıqda uşaqları qınamaq, onları mühakimə etmək və ya məsxərəyə qoymaq əvəzinə, problemin səbəblərini araşdırmaq lazımdır. Xüsusilə uşaqlarla münasibətdə anlayışlı, diqqətli və dəstəkləyici davranış əsas prinsip olmalıdır. Təəssüf ki, bəzən böyüklər belə məsələlərə emosional və sərt reaksiya verir, uşağın yaşadığı çətinlikləri lazımi səviyyədə nəzərə almırlar. Hesab edirəm ki, pedaqoji və tərbiyəvi işdə bu məsələlərin profilaktikasına xüsusi diqqət yetirilməlidir. İlk növbədə, uşaqlarda sağlam şəxsiyyət xüsusiyyətləri, emosional dayanıqlılıq, özünəinam və problemlərin həlli bacarıqları formalaşdırılmalıdır. Bununla yanaşı, onların yaş xüsusiyyətlərinə uyğun təhsil və tərbiyə metodlarından istifadə edilməli, uşaqların çətinliklərini sərbəst ifadə edə biləcəkləri etibarlı mühit yaradılmalıdır. Ailə, məktəb və müvafiq mütəxəssislər arasında əməkdaşlıq uşaqların hüquqlarının qorunması və riskli halların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.