Hacıbəy Heydərli: “16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək”
16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasında fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.
Bu, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sözügedən layihəni şərh edən Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Sherg.az-a bildirib ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi sosial şəbəkələrdən istifadənin daha təhlükəsiz təşkili, uşaqların zərərli məzmunlardan qorunması və beynəlxalq platformaların Azərbaycanda fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır:
“Dəyişiklikdən sonra 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə platformalarında hesab açmasına icazə verilməyəcək. Hesab yaradılarkən istifadəçinin yaşı müxtəlif texniki vasitələrlə yoxlanılacaq, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunacaq.
Qanun layihəsində 16-18 yaşlı istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün platformalara əlavə öhdəliklər qoyulur. Belə ki, valideynlər övladlarının hesablarında reklamların məzmununa və platformadan istifadə müddətinə nəzarət edə biləcəklər. Sosial şəbəkələr uşaqların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmunların, eləcə də asılılıq yaradan alqoritmlərin qarşısını almaq üçün xüsusi texniki həllər tətbiq etməlidirlər.
Layihəyə görə, uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar edildiyi halda platformalar onun yayılmasını ən geci 24 saat ərzində dayandırmalıdır.
Eyni zamanda, yaşın yoxlanılması üçün toplanan fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.
Qanun layihəsi xarici sosial şəbəkə platformalarının Azərbaycanda fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə üçün nümayəndəlik və ya əlaqə mərkəzi yaratmalıdırlar. Bu tələblərin yerinə yetirilməməsi halında maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və mərhələli şəkildə internet trafikinin azaldılması kimi tədbirlər nəzərdə tutulur. Yeni qaydaların pozulmasına görə vəzifəli və hüquqi şəxslər üçün böyük məbləğdə inzibati cərimələr müəyyən edilir”.
H. Heydərli bildirib ki, qanunun əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkə platformalarının fəaliyyətində məsuliyyət mexanizmlərinin artırılmasıdır: “Eyni zamanda qanun layihəsinin əsas üstünlüyü uşaqların rəqəmsal mühitdə daha etibarlı və təhlükəsiz qorunmasına xidmət etməsidir. Son illərdə sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına, şəxsi məlumatlarının təhlükəsizliyinə və ümumilikdə inkişafına təsiri ilə bağlı narahatlıqlar bütün dünyada artır. Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir”.