Politoloq: Paşinyanı ciddi təşvişə salan bir məqam var

Radikal müxalifət, revanşist qüvvələr, Kilsə və erməni lobbisi artıq mütəşəkkil şəkildə fəaliyyətə başlayıblar
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanda və xaricdə Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var. Paşinyanın sözlərinə görə, sülh bərqərar olsa da, həm Ermənistanda, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa çalışan qüvvələr var. Əslində, Nikol Paşinyanın indiki vaxtda bu məsələni qabartması təsadüfi deyil. Paşinyan Ermənistan cəmiyyətinə göstərməyə çalışır ki, sülh prosesinə qarşı olanlar var və onlar daxildəki radikal müxalifət qüvvələri də ola bilər. Baş nazir eyni zamanda diqqətə çatdırır ki, sülh yalnız iki dövlətin iradəsindən asılı deyil, üçüncü qüvvələrin təsiri də mümkündür. Bununla həm bölgədə təsirini saxlamağa çalışan Rusiya, həm də müəyyən Qərb dairələri nəzərdə tutula bilər. Digər yandan, görünür, sülh prosesi ləngisə və ya pozularsa, Paşinyan indidən bunun məsuliyyətini təkcə İrəvana kənar qüvvələrə də yönləndirmək istəyir. İstənilən halda baş nazirin açıqlamaları diqqətçəkəndir. 
Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki, Nikol Paşinyan son proseslər fonunda aktivləşən daxili və xarici qüvvələrin, hakimiyyəti devirməyə çalışan dairələrin varlığından ciddi narahatdır. Ekspert vurğulayıb ki, son günlərdə açıq-aşkar şəkildə Paşinyan hakimiyyətinin devrilməsindən danışırlar, buna çağırış edilir:
 "Əfsuslar olsun ki, Ermənistanda revanşistlərin və onların tərəfdarlarının sayı heç də az deyil. Əgər sorğularda 1000 nəfər erməni iştirak edirsə, təxminən yarısına yaxını sağlam fikirdə olmur. Anti-Paşinyan qüvvələr də məhz bu nəticələrə arxayın olaraq hökumətə qarşı çıxır, sülhə qarşı pozuculuq edirlər. Görünən odur ki, Ermənistandan kənardakı qüvvələrin, xüsusən erməni lobbisi və onların təsir dairəsində olanların da fəallığı artmaqdadır. Erməni lobbisi birmənalı olaraq Paşinyanı devirməyə çalışan qüvvələrə dəstək verir. Müxtəlif səviyyələrdə, xarici ölkələrin parlamentlərində anti-Paşinyan qüvvələrlə iş aparır, öz cinahlarını genişləndirirlər". 
İ.Vəlizadənin sözlərinə görə, əvvəllər dağınıq olan radikal müxalifət, revanşist qüvvələr, Kilsə və erməni lobbisi artıq mütəşəkkil şəkildə fəaliyyətə başlayıblar: 
"Paşinyanı ciddi təşvişə salan məqam budur. Nəzərə alaq ki, 2026-cı ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində siyasi proseslər, hakimiyyətlə müxalifət arasında mübarizə daha da mürəkkəbləşəcək. Bunun fərqində olan Paşinyan daxildə və xaricdə olan sülh tərəfdarlarına mesaj göndərir ki, əgər Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın təmin olunmasını istəyirlərsə, indiki hökumətə dəstək olmalıdırlar".