Mirzoyan bəyanatı ilə öz dövlətinə zərbə vurur
Koçaryan-Sarkisyan qayıtsa, sülh razılaşması kağız üzərində qalacaq
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh üçün Konstitusiya dəyişikliyinə əsas görmədiyini deyib. Nazirin sözlərinə görə, İrəvan tərəfi Konstitusiyada Azərbaycan üçün narahatedici hər hansı bəndin olduğunu düşünmür: "Buna görə də bu məsələni danışıqlar gündəliyinə daxil etmirik və bunun ətrafında danışıq aparmırıq". Mirzoyanın fikrincə, əsas məsələlər üzrə razılıq əldə olunub və sülh artıq bərqərar edilib, amma bir sıra məsələlər var ki, tərəflər hələ razılığa gələ bilməyiblər: "Bu da həmin məsələlərdən biridir. Bu istiqamətdə razılaşma yoxdur". Nazir həmçinin Bakının bu halda sülh sazişini imzalamayacağı barədə bəyanatına da münasibət bildirib: "Bu, onların mövqeyidir. Bu, razılıq olmayan məsələlərdən biridir". XİN başçısı əlavə edib ki, sazişin paraflanması artıq sülhün bərqərar olduğunu təsdiqləyib: “Sazişin məqsədi sülhü təmin etmək idi və buna artıq nail olmuşuq - liderlərin görüşləri və sonrakı təmaslar nəticəsində. Sülh mövcuddur. Həm Ermənistan, həm Azərbaycan xalqı sülhün bəhrəsini görür”. Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün müvafiq yanlışın aradan qaldırılmasını tələb edib. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum gələn il keçiriləcək. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətnini hazırlayır. Ölkənin ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın çıxarılacağını istisna etməyib.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mütəmadi çıxış edərək Konstitusiyasının dəyişdirilməsinin İrəvanın daxili məsələsi olduğunu deyir. Deputatın sözlərinə görə, o, Mirzoyandan bu məsələyə daha peşəkar yanaşma gözləyirdi:
"Yaxşı, qəbul edirik ki, bu, Ermənistanın daxili işidir. O halda Azərbaycanla bağlı məsələnin, bizə qarşı ərazi iddiasının Ermənistan Konstitusiyasında nə işi var?! Əgər ermənilərin Konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqda davam edirsə, bu, artıq Ermənistanın daxili işi ola bilməz. Azərbaycan tərəfi üçün də xoş deyil ki, hər gün bu tələbi gündəmə gətirsin, ermənilərə xatırlatsın. İrəvan üzərinə götürdüyü öhdəliyi icra edənədək bu mühüm tələbi qaldırmağa davam edəcəyik. Ortada çox təbii, açıq-aydın tələb var. Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətində olan Ermənistan hökuməti Konstitusiyadan ərazi iddialarını əks etdirən müddəaları çıxartmalıdır".
Parlamentari vurğulayıb ki, Azərbaycan 30 il ərzində ermənilərin törətdikləri cinayətləri, onların hansı xislətdə olmasını unutmur:
"Azərbaycanın legitim haqqıdır ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən sülh sazişinə imza atmasın. Çünki qarantiya yoxdur ki, Ermənistan konstitusiyanı əsas götürərək gələcəkdə yeni müharibəyə başlamayacaq. Koçaryan-Sarkisyan kimi insanlar hakimiyyətə yenidən gəlsə, vəziyyət necə olacaq? Revanşistlər ölkə Konstitusiyasının daha üstün hüquqa malik olduğunu bəhanə edərək sülh müqaviləsini rədd edə, tanımaya bilərlər. Bu presedentə yol açmamaq üçün İrəvanı öz Konstitusiyasını dəyişdirməyə məcbur etməliyik".
İsmayıl Qocayev