Analitik: Zəngəzur ətrafında beynəlxalq güclər gərginlik yaradır

Lavrovun İrəvandan istədiklərini Belousovun dili ilə  daha da gücləndirir


  Ermənistanın "Sunik" bölgəsi ilə bağlı gərginlik davam edir. Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, regiondankənar dövlətlər öz təsirlərini genişləndirmək üçün Cənubi Qafqazda fəallaşırlar: "Onların məqsədi təhlükəsizliyi gücləndirmək deyil, orada öz təsirlərini genişləndirməkdir". O, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindən narahatlığını bildirib: "Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik qalmaqdadır". Belousov Moskvanın Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu qeyd edib: "Biz buna hər cür dəstək verməyə hazırıq". Ekspertlərin fikrincə, "Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır" sözləri İrəvana və Parisə ünvanlanıb. Çünki Fransa bir neçə gündən sonra Qərbi Zəngəzurda konsulluq açacaq. Ayrıca Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək. Rusiya müdafiə nazirinin sözlərinə görə, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir. Yəni Belousov demək istəyib ki, Fransanın dərdi Ermənistanın təhlükəsizliyi deyil, bölgədə təsir dairəsini genişləndirməkdir. Fransa Azərbaycanla münasibətləri normallaşdırmadan yalnız Qərbi Zəngəzurda konsulluq açmaqla Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Buna baxmayaraq, Belousovun narahatlığı anlaşılandır. Kreml hesab edir ki, Fransanın Ermənistandakı fəallığının əsas məqsədi Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır. Buna görə də Rusiya Türkiyə və İranın xaricində bölgədən uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir.

  Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Rusiya müdafiə naziri Andrey Belousovun “Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik davam edir” sözlərini iki cür oxumaq mümkündür. Ekspertin sözlərinə görə, bu məsələ regiondan kənar ölkələrin bölgəyə Ermənistan üzərindən, məhz Zəngəzurdan müdaxiləsi ilə bağlıdır:

 "Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərdiyi və faktiki olaraq, Rusiya sərhədçilərinin yerini tutduğu Zəngəzurda Fransa konsulluq açmağa hazırlaşır. Və bu, Ermənistanın bölgədə konsulluq açmaq istəyən Rusiyaya imkan verməməsi fonunda baş verir. Bölgədə ilk konsulluğu İranın açması rəsmi İrəvan üçün regional müttəfiqin Tehran, ikinci konsulluğu Fransanın açması isə regiondan kənar müttəfiqinin Paris olduğu deməkdir. Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər və Moskva bununla ən azı Zəngəzurda konsulluğunun açılmasına nail olmağa çalışır. Digər yandan, Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində Moskvanın İrəvana “yardım təklifi”ndən qaynaqlandığı istisna edilməməlidir. Belousovun Zəngəzura fokuslanan açıqlaması Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq” sözləri fonunda diqqət çəkir. Sual yaranır: Ermənistanın ərazi bütövlüyü pozulubmu?
Rəsmi İrəvan iddia edir ki, 2022-ci ilin sentyabr döyüşləri zamanı Azərbaycan ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi “Ermənistanın ərazi bütövlüyünün pozulması” ilə nəticələnib. Halbuki, Azərbaycan ordusu əsasən işğal dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədini bərpa edib. Bununla yanaşı, delimitasiya prosesi aparılmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin konkret xətləri bəlli deyil. Ermənistan bu iddiaya əsaslanaraq, anti-Rusiya siyasətini körüklədi və Qərb qüvvələrini Aİ müşahidə missiyası adı altında bölgəyə gətirdi. Lavrov “Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək” dedikdə Moskvanın İrəvana yardım edə biləcəyinə diqqət çəkirdi. İstisna deyil ki, Lavrovun İrəvan səfəri zamanı qapalı müzakirələrdə bu yardım müzakirə olunub. Lakin Moskva diplomatik kanallarla buna nail ola bilmədiyi üçün hərbi rəhbərliyin dili ilə yenidən çağırış edir, yaxud Lavrovun İrəvandan istədiklərini Belousov vasitəsilə daha da gücləndirir. Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən danışan Belousovun diqqəti Zəngəzur bölgəsində gərginliyin davam etməsinə çəkməsi buna hesablanmış kimi görünür".
 
 Analitikin qənaətincə, regiona qayıtmağa çalışan Rusiya bununla Ermənistana “Azərbaycan qarşısında müdafiə olunmaq” təklifi irəli sürür: 
"Bu, bir sıra istəklərdən ibarət ola bilər. Məsələn, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində iştirak etmək, KTMT müşahidə missiyasını Azərbaycanla sərhədə daxil etmək, Rusiya sərhədçilərinin bölgədə fəaliyyətini yenidən genişləndirmək və Zəngəzurda konsulluğunu qısa zamanda açmaq və s. Bunlardan ilk üçü ilə müqayisədə dördüncüsü daha real görünür. Hərçənd, Rusiyanın istəyini Ermənistana qəbul etdirmək imkanları açıq olaraq qalır. Moskvanın klassik taktikası özünə bağlı erməni hərbçiləri hərəkətə keçirmək, Azərbaycanla sərhəddə təxribatlar törətmək idi. Lakin Ermənistan ordusunda əvvəlki təsirlərinin qalmadığını nəzərə alsaq, bu taktikanın mövcud vəziyyətdə reallığı sual altına düşür. Rusiyanın “nə edəcəyi” açıq qalsa da, Zəngəzurda güclənmək cəhdlərinin davam edəcəyi aydın görünür".