Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - ŞƏRH

Moskva Ermənistanda da özünə yaxın qüvvələrin məğlub olmasının qarşısını almağa çalışacaq

Rusiyanın Ermənistanı “Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələr” siyahısına daxil etməsi Moskva-İrəvan münasibətlərində artan gərginliyin yeni göstəricisi kimi qiymətləndirilir. Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması fonunda Ermənistanın bu siyahıda yer alması diqqət çəkir. Bu addım bir tərəfdən ABŞ ilə hüquqi əməkdaşlıq və ekstradisiya mexanizmləri ilə əlaqələndirilsə də, digər tərəfdən seçki öncəsi Ermənistana yönəlmiş siyasi mesaj kimi də şərh olunur. Ekspertlər hesab edir ki, Moskva bununla həm öz vətəndaşlarına xəbərdarlıq edir, həm də İrəvana qarşı siyasi təzyiq elementlərini gücləndirir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a deyib ki, bu, əslində, rəsmi Moskvasının Ermənistana seçkiqabağı təzyiq siyasətinin tərkib hissəsidir:

"Bundan öncə Rusiyada Dövlət Duması Rusiya Prezidentinə ordunun ali baş komandanı kimi əlavə səlahiyyətlər verdi. Hətta Rusiya vətəndaşları üçün yüksək risk daşıyan ölkələrdə onların həbs olunması və ya təhlükə ilə üzləşməsi hallarında orduya göstəriş vermək səlahiyyətləri də genişləndirildi. Bu məlumatın yayılmasından əvvəl belə bir addımın atılması onu göstərir ki, Rusiya tərəfi Ermənistanda öz maraqlarını qoruyub saxlamağa çalışır. Bu maraqlar nədən ibarətdir? Ermənistanda seçki öncəsi Rusiyaya yaxın və ya Rusiya yönümlü hakimiyyətin formalaşdırılması, ən azı Nikol Paşinyanın hakimiyyətdən getməsi və Samvel Karapetyan ,Robert Köçəryan kimi Rusiyaya yaxın siyasətçilərin təmsil olunduğu qüvvələrin qalib gəlməsi məqsədi daşıyır. Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı kifayət qədər demarş xarakterli siyasət həyata keçirib. O, antirusiya və Qərbyönümlü siyasi kurs yürüdüb. Son olaraq Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı tərəflərin bir-birlərinə qarşı səsləndirdiyi iddialar və gərgin mesajlar da bunu təsdiqlədi. Vladimir Putin açıq şəkildə Karapetyanın seçkilərdə iştirakına imkan yaradılması ilə bağlı çağırış etdi. Nikol Paşinyan isə buna etiraz edərək bunu qəbul etməyəcəklərini bildirdi. Eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqının tədbirində və 9 May paradında iştirak etməməsi Rusiya ilə Ermənistan arasındakı münasibətlərin ciddi şəkildə gərginləşdiyini göstərir".

Politoloq qeyd edib ki, seçki öncəsi Rusiya tərəfinin hansı addımları atacağı isə əsas suallardan biridir:

"Samvel Karapetyanın Rusiya vətəndaşı olduğunu unutmaq olmaz. Ermənistan vətəndaşlığının da olması ehtimal edilir və bu səbəbdən seçkilərdə iştirak edir. Rusiya isə onun qorunması, seçkilərdə iştirakının təmin olunması və gələcəkdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən ona qarşı mümkün həbs və digər addımların qarşısının alınması istiqamətində mesajlar verir. Təbii ki, Rusiya seçki öncəsi Ermənistana münasibətdə kifayət qədər aktiv davranacaq və maksimum dərəcədə çalışacaq ki, Macarıstan və Moldovada yaşadığı uğursuzluq Ermənistanda təkrarlanmasın. Yəni Moskva Ermənistanda da özünə yaxın qüvvələrin məğlub olmasının qarşısını almağa çalışacaq. Buna nail olub-olmayacağını isə zaman göstərəcək".