Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı
Fuad İbrahimov: “Rəqəmsal maliyyə ekosistemi bizneslər üçün daha çevik imkanlar yaradacaq”
İqlim dəyişmələri, içməli su böhranı, ərzaq qıtlığı, dünyada baş verən siyasi təlatümlər fonunda ortaya çıxan iqtisadi böhranlar yerli istehsalın artırılması zərurətini daha aydın göstərir. Ölkəmizdə son illərdə sənaye parklarının sayı artır, işğaldan azad edilmiş ərazilərimizdə yeni istehsal müəssisələri qurulur, kənd təsərrüfatının inkişafı istiqamətində addımlar atılır. Sahibkarlığın dəstəklənməsi də iqtisadi inkişafa təkan verən amil kimi önə çıxır.
Bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də qənaətbəxşdir. Məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə cari ilin yanvar-mart aylarında keçirilmiş sahəvi görüşlərdə 700-ə yaxın sahibkar iştirak edib. May ayı ərzində də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakı və Şəki şəhərlərində, Sabirabad, Gədəbəy, Füzuli, Yardımlı və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər keçiriləcək. Bu görüşlər sahibkarlıqla bağlı dövlətin dəstək mexanizmləri, arıçılıq və bal məhsullarının satışı, ekoturizm sahəsində imkanlar, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi, gənclərin biznes fəaliyyətinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə ticarət və xidmət sahəsində imkanlar, orqanik məhsulların emalı və satışı kimi mövzuları əhatə edəcək. Onlayn və oflayn formatlarda təşkil olunacaq görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, müvafiq sahələrdə imkanlar, dövlət dəstəyi mexanizmləri barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaq. Sahibkarların keçiriləcək sahəvi görüşlər barədə ətraflı məlumat alması üçün xüsusi elektron səhifə yaradılıb. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində, məsələn, bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 63,433 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalının həcmi 0,5 faiz artıb. Qeyd edilir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2 milyard 536,9 milyon manat məbləğində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2 faiz çoxdur. Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 60,893 milyon manat məbləğində investisiya yatırılıb. Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 23,1 faiz çoxdur. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat məbləğində investisiya yatırılıb. Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,6 faiz çoxdur. Dövr ərzində qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 12,4 faiz azalaraq 3 milyard 211,9 milyon manata bərabər olub.
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında sahibkarlıq fəaliyyətinin inkişafı üçün münbit mühitin formalaşmasında təkcə texniki dəstək deyil, maliyyə dəstəyinin də vacib olduğunu dedi:
- Xatırladım ki, ölkəmizdə 2027–2030-cu illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində “Açıq Bankçılıq” və “Açıq Maliyyə” ekosisteminin genişləndirilməsi prioritet istiqamətlərdən biri olacaq. Bunu Azərbaycan Mərkəzi Bankı hədəfləyir. Bu, bankın strateji hədəflərinə daxildir. Burada əsasən, rəqəmsal maliyyə xidmətlərinin əlçatanlığının artırılması, innovativ ödəniş həllərinin tətbiqi və maliyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur. Strategiyada ilk istiqamət kimi hüquqi şəxslər üçün “Açıq Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin inteqrasiyası müəyyən edilib. Bu yanaşma biznes subyektlərinə bank sistemləri arasında daha çevik və sürətli ödəniş imkanları yaradacaq, eyni zamanda rəqəmsal əməliyyatların genişlənməsinə təkan verəcək. “Açıq Bankçılıq” ekosistemində iştirakçı sayının artırılması nəzərdə tutulur. Bu çərçivədə banklarla yanaşı, finteks şirkətləri və digər maliyyə xidmətləri təminatçılarının da sistemə cəlb olunması planlaşdırılır. Məqsəd maliyyə bazarında rəqabətliliyin yüksəldilməsi və innovativ xidmətlərin çeşidinin genişləndirilməsidir. Bu da sahibkarlığın inkişafına yönələn vasitələrdir. Layihə çərçivəsində “Açıq Maliyyə” çərçivəsində bankların və digər maliyyə təşkilatlarının vahid ekosistemə qoşulması təmin edilməlidir. Bu model müxtəlif maliyyə institutları arasında məlumat mübadiləsinin və xidmət inteqrasiyasının daha effektiv şəkildə həyata keçirilməsinə imkan yarada bilər. Bundan əlavə, ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin müxtəlif platformalarda “PIS as a Service” modeli əsasında tətbiqi də strateji hədəflər sırasındadır. Bu model vasitəsilə rəqəmsal platformalar və biznes subyektləri ödəniş xidmətlərini daha asan inteqrasiya edə biləcək və elektron ticarət əməliyyatlarının sürətlənməsi mümkün olacaq. Nəzərdə tutulan təşəbbüslər Azərbaycanın maliyyə sektorunda rəqəmsallaşmanın dərinləşməsinə, innovasiya əsaslı maliyyə xidmətlərinin inkişafına və beynəlxalq maliyyə standartlarına uyğunlaşmanın sürətlənməsinə mühüm töhfə hesab olunur. Burada məqsəd həm istehlakçılar, həm də istehsalçı biznes subyektləri üçün daha çevik, təhlükəsiz və inteqrasiya olunmuş maliyyə mühiti formalaşdırmaqdır.
Qeyd edək ki, “Açıq Bankçılıq” ekosistemi haqqında danışan Mərkəzi Bankın mütəxəssisi qeyd edib ki, bu ekosistem həm vətəndaşlar, həm də ticarətçilər üçün xərclərin azaldılmasını hədəfləyir. “Açıq Bankçılıq” ekosistemində köçürmə əməliyyatlarına növbəti strateji dövrdə başlanacaq. Vətəndaşlar üçün köçürmələr Ani Ödənişlər Sistemi üzərindən olacaq. Ödənişlər kart yox, sırf hesab üzərindən aparılacaq. Hüquqi şəxslərin sistemə inteqrasiyası növbəti dövrdə başlayacaq. “Açıq Bankçılıq”da ödənişlər yalnız hesablar arasında olacaq ki, xərclər daha az olsun. Belə bir sistem sahibkarların daha az xərclə köçürmə əməliyyatları etməsinə şərait yaradacaq.