Gürcüstanın Qardabani rayonunda baş verən dəhşətli yol qəzasında həyatını itirən gənclərdən 5-nin Qaraçöp elindən, 2-nin isə Qardabanidən olduğu bildirilir.
24News.ge xəbər verir ki, hadisə zamanı iki qardaş — Şamil və Kamil Əliyevlər, eləcə də Əli və Sahil Cəlilovlar faciəvi şəkildə həyatını itirib.
Bildirilib ki, Kamil Əliyevin 19, qardaşı Şamil Əliyevin isə 17 yaşı olub. Valideynlərini erkən yaşlarda itirən qardaşların nənə və babalarının himayəsində böyüdükləri qeyd edilir.
Yaxınlarının verdiyi məlumata əsasən, Şamil Əliyev restoranda ofisiant kimi çalışırdı. Kamil Əliyev isə idmanla, xüsusilə boksla məşğul olurdu.
Xatırladaq ki, dünən səhər saatlarında Qardabanidə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib. Qəza Qardabani şəhərinin Birlik kəndi ərazisində qeydə alınıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
24News Media olaraq faciə nəticəsində həyatını itirən gənclərə Allahdan rəhmət, yaxınlarına və ailələrinə səbir diləyirik.