Ermənistanın Baş naziri Nikol Paşinyan sülh mesajları ilə cəmiyyətə və siyasi dairələrə çağırış etsə də, bəzi qüvvələr köhnə düşüncənin əsarətindən xilas ola bilmirlər. 44 günlük Vətən müharibəsinin acı məğlubiyyətini hələ də həzm edə bilməyənlər, sülh prosesinə kölgə salmağa çalışırlar. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Azərbaycanı müharibə ilə hədələyib. Onun sözlərinə görə Ermənilər ağır məğlubiyyətə baxmayaraq, toparlanıb, mübarizəni davam etdirə bilərlər. S.Ohanyan onu da qeyd edib ki, səriştəsiz Ermənistan hökuməti ucbatından düşmən sərhədlərə çatıb.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev Sherg.az-a bildirib ki, hazırda hakimiyyət uğrunda mübarizə siyasi səhnədə söz savaşına çevrilib:

“S.Ohanyan Xocalı soyqırımını törədən canilərdən biridir. O, uzun illər Ermənistan ordusunda yüksək vəzifələrdə çalışıb. Revanşist qüvvələrin düşüncə tərzinə sahib olan Ohanyan, Qarabağ məsələsində sərt və barışmaz xətt tərəfdarı kimi tanınır. Azərbaycan höküməti onun Xocalıda törətdiyi vəhşiliklərdən xəbərdardır. Ohanyan Paşinyan hökumətinin sülhpərvər mövqeyini tənqid edən müxalif fiqurlardan birinə çevrilib”.
Politoloqun sözlərinə görə öz ölkəsində belə əhəmiyyəti olmayan fiqurun Azərbaycanı müharibə ilə hədələməsi absürddür:
“2026-cı ilin göstəricilərinə əsasən, ölkəmiz hərbi güc baxımından dünyada 60-cı, Ermənistan isə 101-ci yerdə qərarlaşıb. Aradakı fərq Paşinyan hökümətinə də gün kimi aydındır. Onlar yenidən müharibəyə başlamağın Ermənistana heç bir fayda gətirməyəcəyini yaxşı anlayırlar. Ermənistanın əsas qazancı Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla iqtisadi blokadadan çıxmaqdır. Ağlı başında olan rəhbər bir daha “müharibə” sözünü dilinə gətirməz. Hakimiyyətin revanşist qüvvələrin əlinə keçəcəyi təqdirdə müharibə qaçılmaz olacaq. Lakin yanlış qərarların qurbanına çevrilən Ermənistan cəmiyyəti, yaşadığı torpaqları da itirəcəklər”.