“Kərkinin Azərbaycana qaytarılmasına icazə verməyəcəklərini iddia edənlər müharibəni qızışdırırlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Əgər kimsə deyirsə ki, Kərki Ermənistan ərazisindədir və bununla Ermənistan ərazisinin 29 743 kvadrat kilometr deyil, məsələn, 29 750 kvadrat kilometr olduğunu iddia edirlər, bu, (Azərbaycana) müharibə elan etmək deməkdir.
Cəmiyyət seçimini edib və bundan əvvəl hər şey barədə şəffaf danışmışdım.
Seçkilər yeni baş tutsa da, cəmiyyət istənilən vaxt “üçbaşlı müharibə partiyası”nın arxasınca düşə bilər. Amma bir daha 2019-2020-ci illərin ssenarisinin təkrarlanmasına imkan verməyəcəyəm ki, sonra “Bəs niyə demirdin?” desinlər. İndi deyirəm”.
Nikol Paşinyan dünən komandasının üzvləri ilə Azərbaycanın Ermənistan ərazisindəki Kərki anklavına gedən və orada təxribatçı açıqlamalar verən “Güclü Ermənistan” fraksiyasının rəhbəri və deputat Narek Karapetyanı “toy tülküsü” adlandırıb.
Xatırladaq ki, Ermənistan Baş naziri bundan əvvəl Kərki ilə yanaşı, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də Azərbaycana məxsus olduğunu etiraf edib. Amma o, adını çəkməsə də Ermənistan ərazisində yerləşən Sofulu da Azərbaycana qaytarılmalı olan anklavlara daxildir.