Zaxarovanın açıqlaması Putinin mesajıdır - ŞƏRH

Cavanşir Abbaslı: “Rusiya Paşinyana açıq xəbər verir ki, qarşıdakı ay həlledici olacaq”

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri və İrəvanda verdiyi mesajlar Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da artırıb. Son aylarda Paşinyan hakimiyyətinin Qərblə, xüsusilə Avropa İttifaqı ilə yaxınlaşma siyasəti Moskvanın narazılığına səbəb olurdu. Lakin Zelenskinin İrəvanda yüksək səviyyədə qarşılanması və burada Rusiyaya qarşı sərt mesajlar verməsi Kreml tərəfindən artıq siyasi jestdən daha çox, geosiyasi seçim kimi qəbul edilir. Məhz buna görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları adi diplomatik reaksiya yox, həm Ermənistan hakimiyyətinə, həm də erməni cəmiyyətinə ünvanlanan ciddi xəbərdarlıq təsiri bağışlayır.

Zaxarova bəyanatında Rusiyanın Ermənistanın Zelenskiyə “tribuna verməsini” unutmayacağını vurğulayaraq, İrəvanın kimə dəstək verdiyini Rusiya cəmiyyətinin diqqətlə izlədiyini bildirib. O, Zelenskinin Ermənistanda “çox səmimi qarşılandığını” qeyd edib və bunu Rusiya ictimaiyyətində “qəzəb və anlaşılmazlıq” yaratdığını deyib. Kremlin sözçüsü bununla kifayətlənməyərək, Zelenskinin İrəvana səfərinin Ermənistan üçün Avropa İttifaqının hazırladığı gələcəyin nümunəsi olduğunu iddia edib. Onun fikrincə, Ukraynanın düşdüyü vəziyyət Qərbin “gənc demokratiyalar” siyasətinin nəticəsidir və Ermənistan da eyni istiqamətə sürüklənir.

Rusiya tərəfi xüsusilə Zelenskinin Moskvaya qarşı səsləndirdiyi mesajların İrəvanda cavabsız qalmasını vurğulayır. Zaxarova qeyd edib ki, Ukrayna Prezidenti mayın 9-da Moskvaya PUA hücumlarından danışarkən Ermənistan rəhbərliyi buna reaksiya verməyib. Bu detal Moskvanın İrəvana yönəlik narazılığının təkcə diplomatik deyil, həm də təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Kreml artıq Ermənistanın Qərbə inteqrasiyasını Rusiyanın regional maraqları və təhlükəsizlik arxitekturası üçün risk hesab edir.

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, Rusiya-Ermənistan münasibətlərində yeni gərginliyin yaşandığı son günlərdə bir daha üzə çıxdı:

"Həmin günlərdə Zelenskinin İrəvana səfər etməsi, orada çıxış etməsi, çıxışında çox ciddi nüanslara toxunması, eyni zamanda Rusiyanı hədəf götürməsi, təbii ki, Putin hakimiyyəti tərəfindən həssas qarşılanmaya bilməzdi. Onun üçün də bu nöqteyi-nəzərdən çıxış etsək, Zaxarovanın açıqlamalarını təbii qəbul etmək lazımdır. Hər halda Zaxarova da özü tərəfindən müstəqil şəkildə qərar verib bu cür fikirlər səsləndirmir. O, bir növ Putinin hədələrini Paşinyana və İrəvana çatdırır. Hesab edirəm ki, bu açıqlamalar kifayət qədər ciddidir, hədələrlə doludur, çox sərt tonda olan bir çıxışdır. Ümumiyyətlə, son dönəmlərdə bu cür çıxış Rusiya tərəfindən Ermənistana yönəlik edilməmişdi. Onun üçün də qarşıdakı bir ayın Ermənistan üçün çox çətin keçəcəyini düşünürəm. Gələn ayın 7-də bilirsiniz ki, Ermənistanda parlament seçkiləri keçiriləcək. Bununla da erməni cəmiyyəti Paşinyanla davam mı deyəcək, yoxsa onun rəqiblərindən biri ilə davam mı edəcək -qərarı verəcək. Çünki bilirsiniz ki, onun rəqibləri artıq məlumdur və onların içərisində təbii ki, Koçaryan və Karapetyanın şansları kifayət qədər yüksək göstərilir. Bu namizədlər Rusiyanın birbaşa dəstəklədiyi namizədlər kimi qəbul edilir. Onun üçün də seçki Paşinyan üçün çətin keçəcək".

Analitik qeyd edib ki, Rusiya Ermənistan cəmiyyətinə çatdırır ki, Paşinyanla davam edəcəksinizsə, sonunuzun nə olacağını indidən düşünün:

"Hesab edirəm ki, bu da kifayət qədər sərt ruhdadır. Son olaraq da bu gün Paşinyanın qələbə paradında iştirak etməyəcəyini açıqlaması da son nöqtədir. Zatən bəlli idi ki, həmin vaxt Ermənistanda seçki prosesi qızışır və həmin gün Paşinyan qərarını verə bilərdi. Amma gözlədi, yüz ölçdü, bir biçdi və bu gün nəhayət qələbə paradında iştirak etməyəcəyini açıqladı. Düşünürəm ki, bu qərar da Kremldə ciddi qəzəbə səbəb olub. Məhz Zaxarovanın çıxışı həm də Paşinyanın verdiyi bu imtina cavabından qaynaqlanı".