“COP29-dan gözləntilərimiz yeni maliyyələşdirmə ilə bağlı razılığa gəlməkdir. Hesab edirəm ki, bu vəsaitin artırılması üçün şərait yetişib”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən COP29-da iştirak edən Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç deyib.
“Danışıqçıların məbləğlə bağlı razılığa gəlib-gəlməyəcəyini indi proqnozlaşdıra bilmərəm, lakin bu, əlbəttə ki, bu gün üçün çox vacib məsələdir. Ona görə də növbəti 10 gün ərzində iqlim maliyyələşməsi barədə danışacağıq”, - Baş nazir vurğulayıb.
O, COP29-a ev sahibliyi etdiyinə görə Prezident Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib.
Andrey Plenkoviç qeyd edib ki, bütün ölkələrin xüsusi həssaslıqları nəzərə alınmalıdır: “İnanıram ki, yaxın 10 gün ərzində burada qalacaq danışıqçılarımız hələ inkişaf mərhələsində olan ölkələrə kömək üçün yenilənmiş maliyyə mənbələri ilə bağlı razılığa gələcəklər. Hesab edirik ki, biz yeni qlobal reallıqları, sənaye baxımından hazırda prioritetləri olan bütün ölkələrin xüsusi həssaslıqlarını nəzərə almalıyıq, lakin biz, həmçinin, qlobal səylər göstərməliyik. Əks təqdirdə, iqlim dəyişikliyinin və yaxın onilliklərdə dünyada baş verə biləcək ekstremal hava şəraitinin nəticəsi olaraq, hamımız oğullarımızı və nəvələrimizi çətinlik içində görəcəyik”, - Baş nazir bildirib.
Andrey Plenkoviç onu da əlavə edib ki, Xorvatiya 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrini 29%-dən 42%-ə çatdırılmasını hədəfləyir: “Bununla yanaşı, ölkəmiz Avropa İttifaqının iqlim neytrallığı siyasətinə töhfəsini verir”.