“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi bizə Azərbaycandakı iqtisadi inkişafı, sabitliyi dünyaya təqdim etmək fürsəti qazandırdı. Ölkəmiz bu günə qədər bir çox beynəlxalq tədbirə ev sahibliyi edib və onların hər biri yüksək səviyyədə keçirilib. Noyabrın 11-də Bakıda keçirilən dünyanın ən mötəbər tədbirlərindən olan COP29 iqlim konfransında iştirak edən hər bir kəs təşkilatçılıq işlərindən məmnunluqlarını ifadə ediblər. Çıxış edən siyasi liderlər konfransın yüksək səviyyədə təşkil edildiyi üçün Azərbaycana öz təşəkkürünü bildiriblər”.
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq tədbirin davam etdiyi müddətdə dünyanın diqqəti Bakıda olacaq:
“Dünyanın aparıcı media qurumlarının əsas xəbərlərindən biri COP29-la bağlıdır. Konfransda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirləri böyük maraqla qarşılandı. Bütün dünya, o cümlədən, Azərbaycan üçün ciddi əhəmiyyət kəsm edən COP29 iqlim konfransında ölkə başçısı həm milli maraqlarımızın tələb etdiyi məsələləri dünya liderlərinin diqqətinə çatdırdı, həm də qlobal iqlim böhranının həlli istiqamətində konkret təkliflərlə çıxış etdi. 67 mindən çox qonaq COP29 sammitində iştirak etmək üçün qeydiyyatdan keçib. O cümlədən 100-dən çox dövlət başçısı ölkəmizə gəlməkədirlər. Azərbaycana qarşı boykot kampaniyası aparanlar məyus olmaqla yanaşı, qlobal iqlim problemlərinin həllində maraqlı olmadıqlarını ortaya qoyublar. İqlim problemlərinin həlli üçün Azərbaycanın mövqeyi çox aydındır və bizim təkliflərimiz iştirakçılar tərəfindən tam dəstəklənib. Ümumiyyətlə, COP29-a evsahibliyi ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamıdır. Bu məntiqə uyğun olaraq 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. "Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi əhəmiyyəti əməli fəaliyyətləri ilə sübut edir. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Bizim iqlim siyasətimiz beynəlxalq təşkilatlar tərəfindən tam dəstəklənir”.
Mehriban Vəliyeva qeyd edib ki, noyabrın 22-dək davam edəcək COP29-dan gözləntilər çox yüksəkdir:
“Dünyanı təhdid edən təhlükələr, ekoloji fəlakətlər, qlobal problemlər, xilas yolları barədə açıq çıxışlar, təkliflər dünya dövlətlərinin problemə nə dərəcədə önəm verdiyini göstərir. Bərpaolunan enerjiyə keçidi sürətləndirmək üçün konkret tədbirlər, öhdəliklər, inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinin gücləndirilməsi, emissiyaların azaldılması üçün yürüdülən siyasət və digər vacib məsələlər hər bir dövlət üçün aktualdır. Heç bir dövlət iqlim problemlərinin zərərli təsirlərinə məruz qalmaqdan sığortalanmayıb. Bir sözlə, COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynadığını sübut edir. Sessiya Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, təmiz enerji istehsalının artırılmasını və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına imkan verir. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı gücləndirir. Azərbaycan artıq Fəaliyyət Planını təqdim edib. Bu maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsdən ibarətdir".
Parlament üzvünün sözlərinə görə, COP29-da diqqət çəkən məqamlardan biri də qlobal iqlim böhranının aradan qaldırılmasında elm və təhsilin inkişafının vacibliyinin vurğulanmasıdır:
"Sessiya çərçivəsində noyabrın 18-də Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellərin çox maraqlı olacağını əminliklə söyləmək olar. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, COP29-un gündəliyində təhsilə xüsusi yer ayrılıb. Müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək".