"Ermənistan regional kommunikasiyaların açılması məsələsi ilə bağlı Azərbaycana təklif göndərib".
Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarqis Xandanyan jurnalistlərə bildirib.
Komissiya sədrinin sözlərinə görə, Azərbaycandan hələ cavab gəlməyib.
Politoloq Turan Rzayev “Sherg.az”a deyib ki, Ermənistan tərəfi tez-tez bu və ya başqa formada təkliflər irəli sürürlər:
"Buna baxmayaraq, COP29-da iştirak üçün göndərmədilər. Yəni, danışıqları ilə davranışları arasında ziddiyətlər var. Görünən odur ki, Ermənistanın niyyəti birmənalı olaraq sülh deyil. Sanki, kiməsə nəsə göstərməyə çalışırlar. Azərbaycan sülhdə maraqlı deyilmiş kimi təəssürat yaradırlar. Bu baxımdan mütəmadi təklif irəli sürmək sülh prossesinə töhvə verməyəcək. Əvvəla, Ermənistan bizim təkliflərə cavab verməlidir. Nə öz tərəflərindən infrastrukturu bərpa ediblər, nə də konstitusiya ilə bağlı xəbər var. Bütün bunlar kənarda qalıb öz təkliflərini irəli sürürlər. Təbii olaraq Azərbaycan tərəfi buna müsbət cavab verməyib. Bu da başa düşüləndir. Bir növ qalib ədasıyla danışırlar. Ümumiyyətlə, Ermənistanın belə tələblərlə və bu tonda danışığının əsası yoxdur. Rəsmi Bakının danışığı onların gözlədiyi kimi olmayacaq.Fikrimcə, cavab verməməyimizin səbəbi COP29-a Ermənistanın münasibətinin nə olacağını bilmək istəməmizdir. Onlar ancaq təklif irəli sürürlər, lakin bu haqda heç nə etmirlər. Sülh üçün hər iki tərəf addım atmalıdır. Tək Azərbaycandan nəsə gözləmək doğru deyil. Münasibətləri normallaşdırmaq istəyən əvvəldən bəri Azərbaycan tərəfidir. Ancaq prossesi uzadan Ermənistandır. İndi isə bunu şou alətinə çevriblər".