Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.
"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur.
Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür",- qurumdan əlavə edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, bir gediş üçün əlavə ödəniş alınmamalıdır:
“Bununla bağlı AYNA tərəfindən açıqlama verildi. Şirkətlər də öz sürücülərinə, sistemlərinə nəzarət etməlidirlər. Çünki əlavə ödəniş aldıqları təqdirdə cəzalandırılacaqlar. AYNA-nın da elan etdiyi kimi belə hallarla rastlaşan zaman vətəndaş “141” qaynar xəttinə müraciət etsin və həmin şirkət haqqında şikayətini bildirsin. Şikayətdən sonra onlar barəsində dərhal tədbir görüləcək. Ümumiyyətlə niyə bir gediş üçün iki dəfə ödəniş alınmalıdır? Vətəndaşa deyirlər ki, 14-15 gün sonra əlavə ödənişi geri qaytaracağıq. Bu özbaşınalıqdır, xoşagələn hal deyil. Burada başqa maddi maraqlar var”.