Noyabrın 18-də COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər. 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır. COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər. Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq, Tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev “Sherg.az”a söyləyib ki, COP29-un Azərbaycanda keçirilməsi ilk növbədə dünyada mövcud olan bütün ölkələrin nümayəndələrinin Bakıya gəlməsi, öz mədəniyyətlərini nümayiş etdirmələri və Azərbaycanı yaxından tanımaları baxımından önəmli hadisədir:
“Bu qədər xarici vətəndaşın eyni vaxtda Azərbaycanda olması Bakıda və turistik məkanlarımızda biznes obyektlərinin işləməsinə şərait yaradır. Həmin şəxslər gələcəkdə də turizmin inkişafı üçün ciddi əsas formalaşdırıblar. Sözügedən turistlər arasında xarici jurnalistlər də var. Bu jurnalistlər öz ölkələrində Azərbaycanla bağlı məlumatları Kütləvi İnformasiya Vasitələrində yayımlayırlar. Bu da turizmin xaricdə reklam olunması üçün çox yaxşı fürsətdir. Həmçinin digər vətəndaşlar ölkəmizlə bağlı videolar çəkib öz sosial platformalarında paylaşırlar. Həmin addımlar nəticəsində müxtəlif sosial platformalarda Azərbaycanla bağlı məlumlatların artmasına gətirib çıxarır ki, bu da turist axının artmasına kömək edəcək”.
Deputat bildirib ki, Azərbaycanda COP29-un keçirilməsi ölkəmizin üzərinə yaşıl enerjini artırmaqla bağlı böyük məsuliyyət qoyur:
“Azərbaycan artıq 750 meqavat gücə malik günəş stansiyalarının tikilməsi ilə bağlı müqavilə imzalayıb. Həmçinin Azərbaycanda və dünyada ekoloji vəziyyətin düzəlməsi ilə bağlı dövlət səviyyəsində ciddi işlər görüləcək. Bakıda qismən yaşıllıqlar azalıb və infrastruktur zəifdir. Bunların hamısı ilə bağlı dövlətimiz tərəfindən ciddi işlər aparılacaq. Çünki Azərbaycan bundan sonra da COP29-da prezidentliyini davam etdirəcək”.