Liderlər anlaşa bilmədi



Tramp-Putin danışıqları daha çox mövqe açıqlamalarına həsr olunub


Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 böyük dövlətinin Yaponiyanın Osaka şəhərindəki ikigünlük zirvə toplantısı başa çatdı. Günlərdir sammitin nəticələri, dünyadakı problemlərin həllinə müsbət təsirləri barədə geniş müzakirələr aparılmaqdadır. Heç şübhəsiz, sammitdə daha maraqlı və gözlənilən görüşlər ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Çin sədri Si Szinpin və Səudiyyə Ərəbistan şahzadəsi Məhəmməd bin Salman arasında baş verib. Məlumdur ki, 2014-cü ildə Ukraynada baş verən hadisələrdən sonra ABŞ-la Rusiya arasında münasibət gərginləşib. Xüsusilə Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Ukraynanın şərqində separatçıların fəaliyyəti tərəflər arasında gərginliyə səbəb olub. ABŞ-ın İrana qarşı mövqeyinin Rusiya tərəfindən dəstəklənməməsi də tərəflərin problemlərindən sayılır. Moskvanın Suriyada ABŞ siyasətinə qarşı çıxması, Moskvanın Venesuelada tutduğu mövqe Ağ Ev - Kreml ziddiyyətlərini kəskinləşdirən amillərdir. 
“G 20” sammiti çərçivəsində reallaşmış görüşləri “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan Amerika ilə Rusiya arasında çoxsaylı problemlərin olduğunu deyib:
“Osakada tərəflər arasında görüş 1 saat 20 dəqiqə sürüb. Görüşün sonunda Vladimir Putin Donald Trampı 2020-ci il mayın 9-da Böyük Vətən Müharibəsinin başa çatmasının 75-ci ildönümü münasibətlə keçiriləcək tədbirə dəvət edib. Trampla Putin 2017-ci ildən indiyədək 4 dəfə görüşüb, 9 dəfə telefonla danışıb. Cari ilin son altı ayında isə onlar bir dəfə Osakada görüşüb, bir dəfə də telefonla əlaqə saxlayıblar. Əslində, heç kimə sirr deyil ki, Rusiya Ukraynaya yönəlik siyasətindən əl çəkənə oxşamır. Bu isə Vaşinqtonun Moskvaya tətbiq etdiyi sanksiyaların qüvvədə qalacağı deməkdir. Rusiya İran və Venesueladakı hakimiyyətləri dəstəkləməkdən də imtina edənə bənzəmir. Tərəflər arasında bu ölkələrə dair hələ ki, ciddi razılaşma yoxdur. Odur ki, Tramp-Putin danışıqlarının daha çox mövqe açıqlamalarına həsr olunduğunu ehtimal etmək mümkündür”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya kimi Türkiyə də Azərbaycana qonşu dövlət olduğundan Prezident Ərdoğanla Trampın görüşü maraqla izlənilirdi: “Müttəfiq olduqlarından Türkiyə ilə ABŞ-ın münasibətlərindəki gərginlik paradoksal sayıla bilər. Amerika Rusiyaya sanksiya tətbiq edibsə, Türkiyə üçün sadəcə müəyyən məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Bu isə Vaşinqtonla Ankaranın daha tez anlaşa biləcəklərini düşünməyə əsas verir. Türkiyə bölgədə ABŞ-ın siyasətinə qarşı, demək olar ki, çıxmayıb. Tərəflər arasında əsas ziddiyyət ABŞ-ın Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyən terrorçu qruplaşmaları silahla təchiz etməsidir. Vaşinqton isə Türkiyəni daha çox Rusiya ilə əməkdaşlıqda ittiham edir. Xüsusilə “S-400” zenit-raket komplekslərini aldığı üçün sanksiyalarla hədələyir. Ərdoğanla Tramp arasında müzakirə edilən başlıca məsələnin də bu olduğu istisna edilmir”.
Analitikin sözlərinə görə, jurnalist Camal Qaşıqçının yoxa çıxması baxımından vəliəhd Məhəmməd bin Salmanla ABŞ liderinin görüşü də diqqətlə izlənilib: “Bu həm də məlum hadisədən sonra vəliəhdin “Böyük”lərlə ilk görüşü idi. Tramp vəliəhdlə insan haqlarını, İrandan gələn təhlükəni müzakirə edib. Eyni zamanda Donald Trampla Si Szinpinin görüşü 80 dəqiqə sürüb. Tərəflər aralarındakı mübahisəli iqtisadi-ticari məsələlərin tənzimlənməsini müzakirə ediblər. Göründüyü kimi, G 20 liderləri dünyanı narahat edən başlıca problemlərin həlli ilə bağlı razılıq əldə etməyiblər. Liderlər sadəcə korrupsionerlərə ölkələrində sığınacaq verməyəcəkləri barədə razılığa gəliblər. Bunu görüşün müsbət nəticələrindən saymaq olar. Ümumiyyətlə, “böyük”lərin zirvə toplantısı aralarındakı problemlərin, ziddiyyətlərin danışıqlar yolu ilə həll olunması, yaxud müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir. Nəhayət, G 20 rəsmi olmadığı üçün onun toplantısında yekun sənəd də imzalanmır. Bu sammitin təsiri İran, Suriya, Venesuela və Ukraynada gələcəkdə baş verəcəyi gözlənilən, yaxud ehtimal olunan hadisələrdə özünü göstərə bilər.
Bütün hallarda beynəlxalq BMT, ATƏT, Avropa Şura Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi rəsmi beynəlxalq qurumlar dünyadakı münaqişəli problemləri həll edə bilmədiyi halda, “Böyük”lərdən bunu gözləmək sadəlövhlükdür”.