Venesuela prezidenti müxalifətlə danışıqların başlandığını elan edib



Venesuela Prezidenti Nikolas Maduro Barbadosda Norveç hökumətinin iştirakı ilə müxalifətlə danışıqların başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə başçısı dövlət televiziyasının efirində bildirib.

Bu ərəfədə Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges özünün “Twitter” səhifəsində hökumətin sosial və siyasi məsələlərin konstitusiyaya və demokratik normalara uyğun şəkildə həll olunması barədə vətəndaşların istəklərini nəzərə aldığını yazıb. O, müxalifətin nümayəndə heyətinin danışıqlarda diktaturaya son qoymaq üçün iştirak edəcəyini deyən Juan Quaydonun sözlərini kəskin şəkildə qınayıb.

Qeyd edək ki, bir qədər əvvəl Norveç Xarici İşlər Nazirliyi Venesuela hökuməti və müxalifət nümayəndələrinin danışıqların bərpa olunması barədə razılığa gəldiyi barədə məlumat yaymışdı.