ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Qətərin paytaxtı Dohada aparılan danışıqlarda “Taliban” hərəkatı ilə Vaşinqton arasında razılıq əldə olunub. BBC telekanalının saytı xəbər verir ki, Birləşmiş Ştatlar 20 həftə müddətində özünün 5 400 əsgərini bu ölkədən çıxaracaq.
Xəlilzad qeyd edib ki, bu razılaşma ABŞ Prezidenti Donald Trampın təsdiqindən sonra həyata keçiriləcək. Onun sözlərinə görə, tərəflər doqquzuncu və sonuncu olan danışıqlardan sonra yekun qərar qəbul ediblər. Amerika əsgərləri hazırda Əfqanıstanda olan 5 dislokasiya məntəqəsini tərk edəcəklər. Vaşinqtonun bu addımından sonra ölkədə ABŞ-ın 8 600 nəfərlik qoşun kontingenti qalacaq.
BBC diqqətə çatdırıb ki, Dohada anlaşmanın əldə olunduğu saatlarda Kabildə dəhşətli terror aktı törədilib. Razılaşmanın şərtlərinə görə, ABŞ əsgərlərinin ölkədən çıxarılmasından sonra “Taliban” hərəkatı hökumət qüvvələri və sülhməramlı kontingentin əsgərlərinə qarşı hücumlara son qoymalıdır.(azərtac)
“Taliban” hərəkatının sözçüsü BBC-yə göndərdiyi mesajda Xəlilzadın bəyanatını təsdiq edib. O qeyd edib ki, bu razılaşmadan sonra atəşkəs elan edilməsi ilə bağlı danışıqlar aparılacaq.
Əfqanıstan Prezidenti Əşrəf Qaninin mətbuat katibi isə bildirib ki, razılaşmanın təfərrüatı ilə tanış olduqdan sonra dövlət başçısının adından bəyanat veriləcək.