Sentyabrın sonunda ilk dəfə iki qadın açıq kosmosa çıxa bilər



Sentyabrın sonunda Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək Amerika astronavtı Cessika Meir istisna etməyib ki, kosmos tarixində ilk dəfə iki qadının açıq kosmosda olmasını Kristina Kuk ilə birlikdə həyata keçirəcək. AZƏRTAC bu barədə RİA Novostiyə istinadla məlumat verir.

1984-cü ildə sovet kosmonavtı Svetlana Savitskaya açıq kosmosa çıxmış ilk qadın kosmonavt olub. Tarixdə ilk dəfə iki qadının açıq kosmosa çıxması bu il martın sonunda BKS-dən amerikalı astronavtlar Enn Makkleynin və Kristina Kukun iştirakı ilə həyata keçirilməli idi. Lakin Makkleyn üçün hazır skafandr tapılmadığına görə açıq kosmosa çıxma baş tutmadı.

C.Meir Kosmonavtların Hazırlıq Mərkəzində keçirilən mətbuat konfransında RİA Novosti müxbirinin sualını cavablandıraraq deyib: “Biz hamımız gəminin hüdudlarından kənarda işləməyə hazırıq. İndi açıq kosmosa çıxmaların cədvəli tərtib edilir. Odur ki, kimin kosmosa çıxacağını hələ bilmirəm”.

NASA-nın məlumatına görə, sentyabrın 25-də Baykonur kosmodromundan “Soyuz MS-15” gəmisi ilə birlikdə “Soyuz-FQ” daşıyıcı raketinin buraxılışı nəzərdə tutulub. Gəminin heyətinə rusiyalı Oleq Skripoçka, amerikalı Cessika Meir və BƏƏ-nin ilk kosmonavtı Həzza əl-Mənsuri daxildir.

Planlaşdırıldığına görə, Skripoçka və Meir BKS-də 187 gün qaldıqdan sonra 2020-ci il martın 30-da amerikalı Endrü Morqanla birlikdə Yerə qayıdacaqlar.