“Vaşinqton və Tehran bir-birinə qarşı hərbi əməliyyatlar keçirmək niyyətində deyil”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Ekspertin sözlərinə görə, iki ölkə arasında son vaxtlar baş verənləri daha çox “informasiya savaşı” adlandırmaq olar:
“İndiki halda nə ABŞ-ın İrana hücum etməsi real görünür, nə də İranın yaxın zamanlarda Hörmüz körfəzini tam bağlanması inandırıcıdır. Ehtimal etmək mümkündür ki, İran Qərbə təzyiq üçün körfəzin bağlanması ilə bağlı müəyyən addım ata bilər. Lakin bu, bütövlükdə Hörmüzün əməliyyatlara dayandırılması anlamına gəlməyəcək. Ən azı ona görə ki, bu, kifayət qədər ciddi addımdır və Tehran belə addım atarsa, dünyanın sərt təzyiqi ilə üzləşə bilər. Çünki bu addım dünyada neftin qiymətinin yülsəlməsinə səbəb olar.
Nəzərə alaq ki, dünyada neft ixracatının 40 faizi adıçəkilən körfəz vasitəsi ilə həyata keçirilir. Amma belə bir hal baş verərsə, daha çox itirən ABŞ deyil, Çin, Yaponiya və Avropa ölkələri olacaq.
Əvvəla, ABŞ özü neft istehsalçısıdır və idxal etdiyi neftin müəyyən qismini anbarlarda ehtiyat kimi saxlayır. Ona görə də Amerikanın bu proseslərdən sığortalanmaq şansı var. Çin, Yaponiya və Avropa ölkələri isə demək olar ki, tamamilə, Norveç və Böyük Britaniya istisna olmaqla, neft idxalından asılıdır”.
A.Rəşidoğlunun fikrincə, “G-7” sammiti göstərdi ki, istər Rusiya, istərsə də İrana münasibətdə ABŞ və Avropa ölkələrinin münasibətləri ciddi şəkildə fərqlənir:
“Avropa ölkələri İranla danışıqların davam etdirilməsini arzulayır. Onlar Tehrana humanitar ehtiyac məhsullarının göndərilməsi üçün ABŞ-ın sanksiyalarından kənar bir mexanizmin olmasını istəyirlər. Lakin Avropanın istəyi İranın tələbatını ödəmir. İran öz iqtisadiyyatını dirçəldəcək təbii qaz və metal sənayesində Vaşinqtonun təzyiqinin azaldılmasını arzulayır.
Avropa ölkələri hesab edir ki, sanksiyaları pozmaq riskini nəzərə alaraq, İranla ticarət əlaqələri qurmaq qərarını dövlətlər yox, bu ölkələrdəki şirkətlər verməlidir. Belə yanaşma bölgədəki gərginliyi azalda bilər.
Xatırladaq ki, bir qədər əvvəl İsrail və ABŞ siyasi dairələrində İrandakı nüvə sənayesi mərkəzlərinin hərbi əməliyyat vasitəsilə yox edilməsi məsələsi də gündəmə gəlmişdi. Lakin Tramp sabiq prezident Barak Obamanın imzaladığı bu razılaşmanı kökündən səhv hesab elədiyini açıqladı.
Bunun əvəzində İrana mümkün qədər çox təzyiq etmək yolunu seçən Trampın əsas hədəfinin nə olduğu hələ də tam anlaşılan deyil. Bu istiqamətdə Trampa komandasındakı “qırğılar" təzyiq edir. Onlar İranda rejim dəyişikliyi olacağına və Rusiyanı iqtisadi baxımdan çökdürə biləcəyinə ümid edirlər. Bəziləri isə hesab edir ki, məqsəd İranı və Rusiyanı daha böyük məhdudiyyətlər nəzərdə tutan razılaşmaya məcbur etməkdir”.