Ortaq patrul xidmətinə baxmayaraq, ABŞ terrorçu müttəfiqlərindən imtina etməyib
Türkiyə və ABŞ hərbçiləri Suriyada Fərat çayının şərqində ortaq hərbi patrula başladı. İki ölkə arasında uzun sürən danışıqlar bu şəkildə yekunlaşdı. Məlumdur ki, Türkiyə Suriya ərazisində hərbi əməliyyatlara uzun müddət hazırlaşırdı. Çünki həmin ərazidən Türkiyəyə təhlükə var idi. Fərat çayının şərqinə sahib PKK terrorçuları qardaş ölkə üçün böyük təhlükə yaradırdı. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Hulusi Akar aylar öncə Fərat çayının şərq hissəsində əməliyyata başlayacaqlarının anonsunu vermişdilər. Ancaq təkbaşına əməliyyat Türkiyəyə problem yarada bilərdi.
Yaxın Şərqdəki prosesləri “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Fərat çayının şərqində ABŞ-ın azsaylı silahlı qrupları məskunlaşıb. Ekspertin sözlərinə görə, onlar PKK-çıları özlərinə müttəfiq seçiblər:
“Əgər Türkiyə ordusu təkbaşına əməliyyata başlasaydı, bu, Türkiyə hərbçiləri ilə ABŞ əsgərləri arasında toqquşma ehtimalını artırardı, bunu isə nə Ankara, nə də Vaşinqton istəyirdi. Buna görə də iki dövlətin diplomatları və hərbçiləri arasında danışıqlar başladı və sonda tərəflər belə bir razılaşma əldə etdilər ki, birgə əməliyyata başlasınlar. Ancaq bu əməliyyatın uzun ömürlü olacağını və Türkiyənin maraqlarına cavab verəcəyini söyləmək mümkün deyil. Birincisi, ortaq patrul xidmətinə baxmayaraq, ABŞ terrorçu müttəfiqlərindən imtina etməyib. Türkiyənin məqsədi isə Fərat çayının şərq hissəsinin dərinliklərinə gedərək terror təhlükəsini neytrallaşdırmaqdır.
Amerika Türkiyəyə öz müttəfiqlərini neytrallaşdırmağa imkan verməyəcək. Həm də əməliyyatdan öncə Penqaton PKK uzantılarının sərhəddən geri çəkilməsini təmin edib ki, bu, müvəqqəti xarakter daşıya bilər. İkincisi, ümumən Türkiyənin ABŞ-la Suriyadakı maraqları üst-üstə düşmür. Türkiyə Bəşər Əsəd rejimini qəbul etməməsinə baxmayaraq, sərhədlərinin qonşusu tərəfdən güvənilir olması şərtilə Suriyanın ərazi bütövlüyünün təmin edilməsini istəyir, Vaşinqton isə tam tərsinə, müttəfiqləri kürdlərin müstəqil bölgə vasitəsilə Dəməşqə gələcəkdə təzyiq etməsində maraqlıdırlar”.
Analitik əlavə edib ki, Türkiyə Rusiya və İranın iştirakı ilə Astana prosesində iştirak edir:
“Amerika bu prosesin əleyhinədir, ən azı İranın Suriyadakı varlığını qəbul etmir. Türkiyənin eyni zamanda həm Astana prosesini davam etdirməsi, həm də uzun müddət bu prosesin əleyhdarı olan Amerika ilə ortaq patrul xidməti aparması problematikdir. Digər tərəfdən Tehran və Moskva Suriyada Ankara-Vaşinqton birliyinə əngəl yaratmağa çalışacaqlar. Elə Vaşinqtonun Suriyada ortaq patrulda məqsədi bu yolla Türkiyə ilə Rusiya və İran arasındakı münasibətlərdə soyuqluq yaratmağa çalışmaqdır”.
Siyasi şərhçinin fikrincə, Türkiyə ilə Amerika arasında gərginlik yaradan xeyli mövzu var:
“Amerika Türkiyədə 2016-cı ildə hərbi çevrilişə cəhd edən Fətullah Gülənin Türkiyəyə ekstradisiya tələbini geri çevirir. Həmçinin, Türkiyəyə “Partiot” raketləri satmaqdan imtina edir. Türkiyənin 1 milyard dollar ödəməsinə baxmayaraq, F-35 hərbi təyyarələrini də satmır. Bu qədər problem varkən yalnız bir seqmentdə, Suriyada ortaq patrul xidmətinin uğur qazanacağını proqnozlaşdırmaq mümkün deyil. Əməkdaşlığın uğur qazanması üçün ABŞ-ın PKK və onun uzantıları ilə əməkdaşlıqdan imtina etməsi lazımdır ki, yaxın perspektivdə bu mümkün görünmür.
Əslində hazırkı ortaq patrul xidməti Türkiyənin deyil, ABŞ-ın maraqlarına xidmət edir. Ortaq patrul xidməti Türkiyənin təhlükəsizlik problemlərini həll etmir, bir müddətə təxirə salır. Amerika isə ortaq patrul xidməti vasitəsilə Türkiyənin Fərat çayının şərqində təkbaşına hərbi əməliyyatının qarşısını alır, bu yolla terrorçu müttəfiqlərini qorumuş olur”.