Dünya gücləri Ankara ilə hesablaşır: Türkiyə əvvəlki zəif dövlət deyil

“Hazırda ABŞ-da iqtidar vahid mərkəzdən idarə olunmur”.  Bunu Sherg.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. Partiya rəhbəri bildirib ki, bəzi hallarda Amerikadakı güc mərkəzlərinin maraqları və siyasi kursları üst-üstə düşür: 

“Tarixən ABŞ-ın istər xarici, istərsə də daxili siyasətində vahid mövqe müşahidə etmişik. Ən azından indiki qədər əks mövqelər nadir hallarda baş verib. İndi istər Türkiyə, istərsə də digər məsələlərdə Tramp Administrasiyası Pentaqon mərkəzli güc dairələrinin müqaviməti ilə üzləşir. Əslində, Türkiyə, Rusiya və İrana qarşı sərgilənən qeyri-adekvat siyasət ABŞ daxilindəki qarşıdurmalardan qaynaqlanır. Konkret Türkiyə məsələsinə gəldikdə isə artıq anlamaq lazımdır ki, qardaş ölkə əvvəlki zəif dövlət deyil. Amerika kimi fövqəldövlət belə bir sıra məqamlarda Türkiyə faktorunu nəzərə almağa məcburdur. Tramp Administrasiyasının Senata ünvaladığı məktubun məzmunu bunu açıq şəkildə göstərir”.



Tural Abbaslı: “Senat Trampın mövqeyini nəzərə alaraq Türkiyəyə qarşı sanksiya tətbiq etməzsə, hər iki dövlət, ümumən dünya üçün faydalı olar”


T.Abbaslının fikrincə, “qeyri-stabil” siyasətçi kimi təqdim olunan Tramp və onun Administrasiyası məsələlərə daha soyuqqanlı və ayıq başla yanaşır: 

“Senat Trampın mövqeyini nəzərə alaraq Türkiyəyə qarşı sanksiya tətbiq etməzsə, hər iki dövlət, ümumən dünya üçün faydalı olar. Amerika siyasi elitası unutmamalıdır ki, dünya ilə eyni anda savaşmaq xeyir gətirməz. Ümid edirəm, qeyd olunan sanksiyalar barədə qərarlar qəbul olunmaz . ABŞ-Türkiyə münasibətləri bərabər hüquqlu müttəfiqlər kimi inkişaf edən xətt üzrə davam edər”.

Qeyd edək ki, Donald Tramp administrasiyası Rusiya ilə "S-400" müqaviləsi bağladığına görə Türkiyəyə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıb və bununla bağlı senatorlara 7 səhifəlik məktub göndərib. Məktubda qeyd olunub ki, bu qanun layihəsi təsdiqlənəcəyi təqdirdə Türkiyə-ABŞ arasında müdafiə sahəsində ticarət tamamilə sona çatacaq: “Belə bir qanun layihəsi Türkiyə-Rusiya münasibətlərini daha da inkişaf etdirəcək və Türkiyəni yeni silahlarla bağlı digər düşmən silah tədarükçülərinə yönəldə bilər. Bu qanun layihəsi eyni zamanda Türkiyəni NATO-dan kənarlaşdırmaq kimi də qəbul oluna bilər”.