Rusiya Prezidenti Vladimir Putin Holokostu Rusiya və İsrailin ortaq faciəsi adlandıraraq, öldürülən və işgəncə verilən yəhudilərin 40 faizinin Sovet İttifaqından olduğunu qeyd edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putin cümə axşamı "Holokostun xatirəsini qoruyuruq, antisemitizmlə mübarizə aparırıq" adlı forumda əsas qonaq qismində iştirak etmək üçün İsrailə səfər edib. Rusiya lideri həmçinin mühasirəyə alınmış Leninqrad qəhrəmanlarının şərəfinə ucaldılan abidənin açılış mərasimində iştirak edəcək.
"Holokost faciəsinə gəldikdə isə öldürülən və işgəncələrə məruz qalan yəhudilərin 40 faizi Sovet İttifaqı yəhudiləri idi", – Putin İsrail Prezidenti Reuven Rivlin ilə görüşü zamanı bildirib. O əlavə edib ki, Holokost sözün tam mənasında iki ölkənin ortaq faciəsidir.
Görüş zamanı Putin həmçinin deyib ki, antisemitizm Auşvitzlə bitir. Onun sözlərinə görə, gələcəkdə bunun təkrarlanmaması və ksenofobiya təzahürlərinə müqavimət göstərmək üçün çox diqqətli olmaq lazımdır.
"Siz indi dediniz ki, antisemitizmin nə ilə bitdiyi bilinmir. Təəssüf ki, biz bunu bilirik – Auşvitzlə bitir. Buna görə də gələcəkdə oxşar bir hala yol verməmək üçün və harada baş verməsindən və kimdən gəlməsindən asılı olmayaraq ksenofobiyanın, antisemitizmin istənilən təzahürünə qarşı çıxmaq üçün çox diqqətli olmaq lazımdır", – Putin bildirib.