Yaponiya XİN: Rusiya ilə danışıqlar yeni mərhələyə qədəm qoyur



Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Rusiya ilə sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, T.Moteqi bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.

“Mən qarşı tərəfə danışıqların davam etdirilməsi ilə əlaqədar öz fikirlərimi daha konkret şəkildə çatdırdım. Danışıqlar yeni mərhələyə keçir”, - deyə T.Moteqi jurnalistlərə müsahibəsində qeyd edib.

Yapon nazir vurğulayıb ki, Moskva və Tokio əsas məsələlər üzrə müsbət mövqelərin müzakirəsinə başlayıblar.

T.Moteqi əlavə edib ki, o, S.Lavrovu yaxın zamanlarda Tokioya səfərə dəvət edib. Hazırda səfərin vaxtı dəqiqləşdirilir.

Bu ərəfədə Yaponiyanın Xarici İşlər naziri Yaponiya ilə Rusiya arasında məsləhətləşmələrin gedişində irəliləyişə nail olunduğunu da qeyd edib. O, ümid etdiyini bildirib ki, ikitərəfli problemlərlə, o cümlədən sülh müqaviləsi ilə bağlı danışıqlar daha şəffaf xarakter almaqdadır.

Yapon həmkarını dəstəklədiyini qeyd edən S.Lavrov qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin davam etdiriləcəyinə inandığını bildirib.