Latviyada COVID-19-un yüngül simptomları olan pasiyentlər evdə müalicə ala biləcəklər


Latviyada COVID-19 koronavirusu infeksiyasına yüngül formada tutulan olarsa, ailə həkiminin nəzarəti altında evdə müalicə ala biləcək.

AZƏRTAC Latviyanın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən bildirir ki, bu qərarı Latviyanın Dövlət Operativ Tibbi Komissiyası qəbul edib.

Latviyada yeni qəbul edilən qərara əsasən pasiyent barədə ailə həkiminə məlumat veriləcək. Həkimin vəzifəsi pasiyentə mütəmadi olaraq zəng etmək və xəstənin özünü necə hiss etdiyini öyrənmək olacaq. Xəstənin səhhəti pisləşərsə, ailə həkimi Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamalı və pasiyentin xəstəxanaya aparılmasını təşkil etməlidir. Xəstəlik yalnız yüngül formada keçərsə, simptomlar yox olduqda tibb işçisi COVID-19-a görə təkrar analiz götürmək üçün xəstəyə baş çəkəcək. Pasiyentin qohumlarına gəlincə, onlara yaxın olan adamın evdə və ya xəstəxanada müalicə almağından asılı olmayaraq, iki həftə ərzində ev karantinində qalmalıdırlar.

Xəbər verildiyi kimi, martın 10-da Latviyada COVID-19 infeksiyasına 6 yoluxma halı qeydə alınıb. Virusa yoluxan 5 xəstə İtaliyadan kurortdan eyni təyyarə ilə qayıdıblar. Latviyada yeni koronavirusun yayılması səbəbi ilə karantinə alınanların sayı isə 160-a çatıb.