ABŞ-da azərbaycanlıların yeni vahid platforması yaradılıb

Amerika Birləşmiş Ştatlarının San Fransisko şəhərində məskunlaşmış həmyerlilərimizin təşəbbüsü ilə ABŞ və Kanada azərbaycanlılarının müxtəlif fəaliyyət sahələri üzrə bir-birinə dəstək verilməsi məqsədilə xüsusi sistem yaradılıb.
Hazırkı karantin dövrünün qaydalarına uyğun olaraq, ABŞ-ın 15 ştatından və Kanadanın 2 əyalətindən nümayəndələrin iştirakı ilə onlayn tədbir keçirilib. Tədbir əsnasında www.azerbaijaniunion.com platformasının və Slack müzakirə platformasının təqdimatı olub.

“Azerbaijani Union” platforması birlik üzvlərinə fərqli imkanlar təqdim edir. ABŞ və Kanadada yaşayan azərbaycanlılar sayta daxil olaraq ödənişsiz kurslar, təcrübə proqramı, yerli şirkətlərin xidmətlərindən endirimli istifadə və yaşadıqları ştat və əyalətdəki cəmiyyətlərdən dəstək və s. imkanlar əldə edə bilərlər.

Üzvlər həmçinin Slack platforması üzərindən ABŞ-ın bütün ştatlarında və Kanadanın fərqli əyalətlərində yaşayan digər azərbaycanlılarla asan şəkildə əlaqə qura biləcəklər. Bu imkan Amerika və ya Kanadaya yeni köçmüş həmyerlilərimizə yerli həyata uyğunlaşmaqda yardım edəcək. Eyni zamanda, bir ştatdan digər ştata səyahət edən və ya birdəfəlik köçən insanlara yeni məkanda yaşayan həmyerliləri tapmaqda yardımçı olacaq.


Qoşulmaq üçün bit.ly/Azerbaijanis ünvanı üzrə qeydiyyatdan keçmək kifayətdir.


Təşkilatın fəaliyyəti ilə bağlı yeniliklər www.fb.com/AzerbaijaniUnion rəsmi facebook səhifəsi üzərindən elan ediləcək.