Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq


Ermənistan Daxili İşlər Nazirliyinin yaradılması haqqında Respublika polsində islahat layihəsi təsdiqlənib.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, mülki hissə hərbidən qəti şəkildə ayrılacaq: “Ermənistan Polisi Daxili İşlər Nazirliyinin tərkibinə daxil olacaq və onunla xüsusi münasibət saxlayacaq. Fikrimcə, bu, bizim islahatın vacib məsələlərindəndir”.

Ədliyyə naziri Rüstəm Badasyanın sözlərinə görə, islahatların məqsədi daxili işlər sahəsində siyasət hazırlayacaq hökumət qurumu yaratmaqdır.

O bildirib ki, nazirlik cəmiyyət qarşısında hesabat verəcək, ictimai nəzarət mexanizmləri yaradılacaq.

Ədliyyə Nazirliyinin islahat layihəsinə əsasən, 2020-2022-ci illər ərzində Daxili İşlər Nazirliyinin formalaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin bir hissəsini Ermənistan Polisi icra edir. Bu qurum həm də hərbi qüvvə sayılır.