Böyük Britaniyanın hakimiyyət orqanları KXDR lideri Kim Çen Inın səhhəti barədə dəqiq informasiyaya malik deyil.
AZƏRTAC “Sky News” telekanalına istinadla xəbər verir ki, bunu Birləşmiş Krallığın Xarici İşlər naziri Dominik Raab deyib.
“Hələlik Kim Çen Inın səhhətinin kəskin pisləşməsi və ya onun ölümü ilə bağlı məlumatlar təsdiqini tapmayıb. Mən dünya KİV-lərində bu mövzu barədə materialları görmüşəm, lakin biz dəqiq məlumatlara malik deyilik və daxil olan informasiyaları diqqətlə izləyirik”, - deyə Dominik Raab telekanala müsahibəsində bildirib.
Qeyd edək ki, bir müddət əvvəl CNN telekompaniyası ABŞ administrasiyasındakı mənbəyə istinadla belə bir xəbər yaymışdı ki, Birləşmiş Ştatlar Kim Çen Inın keçirdiyi cərrahiyyə əməliyyatdan sonra səhhətinin pisləşməsi barədə kəşfiyyat məlumatlarını tədqiq edir. Sonradan Prezident Donald Tramp brifinqdə KİV-lərin məlumatlarının həqiqətə uyğun olmadığını bildirib.
Cənubi Koreya hakimiyyəti isə öz növbəsində Kim Çen Inın xəstəliyi barədə dəqiq məlumatın olmadığını bəyan edib.
Şübhələr Kim Çen Inın uzun illər ərzində ilk dəfə olaraq babası, KXDR-in qurucusu Kim İr Senin doğum günü ilə əlaqədar təntənəli mərasimdə iştirak etməməsindən qaynaqlanır.