“ABŞ-la Azərbaycan arasında yüksək tərəfdaşlıq münasibətləri mövcuddur”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Tramp 28 May–Respublika günü münasibətilə göndərdiyi məktubda Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin möhkəmləndirilməsinə sadiq olduqlarını qeyd edib, eyni zamanda Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.
 " Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik" deyə ABŞ prezidenti məktubda əlavə edib. 



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov ABŞ-Azərbaycan münasibətlərinin bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsində olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: 

“Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlər üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində olduqca mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir”. 

H.Məmmədov bildirib ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq bu münasibətlər sistemində nüfuzu   kimi qiymətləndirilməlidir: 

“Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq”.