ABŞ-ın QARA GÜNÜ...


1861-ci ildə Amerikada baş vermiş vətəndaş müharibəsindən sonra ölkədə bu şəkildə kütləvi iğtişaşlar yaşanmayıb


"İğtişaşların genişlənməsi mümkündür. Çünki ölkədə irqi və dini ayrı-seçkilik mövcuddur. Amerika bu prinsipləri digər ölkələrdən tələb etsə də, özündə tətbiq edə bilmir"




ABŞ-da başlanan etiraz aksiyalarının miqyası genişlənməkdədir. Mayın 25-də internetdə yayılan videoda Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb.

Minnesota ştatının Minneapolis şəhərinin ağdərili polisləri afroamerikalının qoluna qandal vuraraq onu yerdə sürüyüb və ardından dizlərini boynuna qoyaraq güc tətbiq ediblər. Yayılan videoda Floydun nəfəs ala bilmədiyi, qışqırdığı, ancaq polisin buna əhəmiyyət vermədiyi açıq şəkildə görünür. Olaydan qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bunun ardınca ölkənin bir neçə ştatında irqi ayrıseçkiliyə və polis zorakılığına qarşı kütləvi etirazlar və iğtişaşlar başlayıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində ölən və yaralananlar olub. Etirazlarla əlaqədar ABŞ-ın 16 ştatının 25 şəhərində komendant saatı tətbiq olunub. 4000-dən artıq insan həbs olunub. Bir sıra xarici ölkələr Amerikada baş verən etirazlara dəstəklərini ifadə edərək, polis zorakılğını pisləyiblər. İran Xarici İşlər Nazirliyi də ABŞ-da baş verən etiraz aksiyalarına münasibət bildirib. Nazirliyin mətbuat katibi Seyid Abbas Musəvi deyib ki, ABŞ hökuməti ölkədə baş verənlərə qeyri-demokratik yanaşır: “Onlar müdafiə etdikləri insan haqları prinsiplərini pozurlar. Görürük ki, onlar əslində demokratiyanın düşmənidirlər”. O qeyd edib ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmaq əvəzinə öz problemlərini həll etməlidir. 

Superdövlətdə baş verən etirazları “Şərq”ə şərh edən politoloq Turan Rzayev deyib ki, ABŞ-da bu miqyasda bir ayaqlanmanın olduğunu ilk dəfə görürük. Siyasi şərhçinin sözlərinə görə, 1861-ci ildə Amerikada baş vermiş vətəndaş müharibəsindən sonra ölkədə bu şəkildə kütləvi iğtişaşlar yaşanmayıb:

“ABŞ-da baş verənləri “ikinci vətəndaş müharibəsi” də adlandırırlar. Lakin düşünmürəm ki, bu cür qiymətləndirmə doğrudur. Baş verən hadisə Amerikadakı irqçilik, irqi ayrıseçkilik siyasətinin bariz nümunəsidir. Qaradərili vətəndaşlara qarşı uzun müddətdir ikili standartlar hökm sürür. ABŞ dünyaya özünü “demokratiya və bərabərlik” prinsiplərinin müdafiəçisi kimi təqdim etsə də, proseslər onu göstərir ki, bu sahədə Amerikanın özündə ciddi problemlər mövcuddur. İğtişaşların ilkin səbəbi qaradərili vətəndaşın cüzi qanun pozuntusuna görə, çox ciddi təzyiqə məruz qalması və öldürülməsidir. Ancaq məsələnin pərdəarxası məqamları da var. Məlumdur ki, ABŞ-da koronavirus pandemiyası iqtisadiyyata böyük ziyan vurub. Bir çox ştatda ciddi karantin rejimi tətbiq edilir, vətəndaşlar çölə, işə buraxılmır. Bu da istər-istəməz insanların səbrini daşırır. Əslində vətəndaşların mövcud vəziyyətə reaksiyası var idi. Prezident Trampa qarşı ittihamlar, hökumətin acizliyinin tənqid olunması sosial şəbəkədə əksini tapırdı. Afroamerikalının öldürülməsi etirazların başlanmasında qığılcım rolunu oynadı. Məsələ ondadır ki, etiraz edənlər heç də qaradərili vətəndaşla bağlı şüarlar səsləndirmirlər. Onlar böyük mağazaları qarət edir, anarxist hərəkətlərə rəvac verirlər. Bu da pandemiyaya qarşı dövlətin fəaliyyətsiz qalmasına olan etirazdır”. 

Analitikə görə, Trampın sığınacağa yerləşdirilməsi ilə bağlı da xəbərlər yayılır. Ancaq bu, inandırıcı deyil: “Qarşıdan seçkilər gəlir. Baş verənlər seçkilərə təsir edən amildir və Trampın özü üçün ciddi anti-imic yaradır. Ona görə də hazırda Trampın qaçıb gizləndiyini iddia etmək doğru olmaz. Çünki prezident bütün məsələlərə birbaşa özü reaksiya verir. Başqa ölkədə belə bir hadisə baş versəydi, prosesdə Amerikanın “barmağını” görə bilərdik. Lakin ABŞ-da belə bir hadisə yaşanırsa, buna ölkənin daxili işi kimi yanaşmaq lazımdır. Nəzərə alaq ki, bu gün istənilən ölkədə bunabənzər olay müxtəlif səbəblərdən yaşana bilər. Yenə deyirəm, etirazlar ABŞ vətəndaşlarının koronavirus pandemiyası səbəbindən hökumətə qəzəbini əks etdirən reaksiyadır. Etirazların arxasında hansısa siyasi qüvvənin olduğunu iddia etmək düzgün deyil. ABŞ-ın idarəetməsi heç bir ölkəyə bənzəmir. Amerikada federal, ali, məhkəmə və başqa fərqli hakimiyyət qolları, onlar arasında qarşılıqlı balans var. Düzdür, iğtişaşların genişlənməsi mümkündür. Çünki ölkədə irqi və dini ayrı-seçkilik mövcuddur. Amerika bu prinsipləri digər ölkələrdən tələb etsə də, özündə tətbiq edə bilmir. Amma vətəndaşları bugün daha maraqlandıran koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər və buna görə hökumətin heç nə etməməsidir”.