Böyük dövlətlər biri-birləri ilə qarşıdurmalardan həm qazanır, həm də itirirlər
Son günlər ABŞ və Çin arasında münasibətlər yenidən gərginləşib. Çinin dövlət şurasının sədri Li Kesyan bildirib ki, ABŞ-Çin münasibətlərinin pisləşməsi bütün dünyaya ziyan vuracaq. O deyib ki, iki ölkə arasında son zamanlar münasibətlər yeni problem və çətinliklər yaradır. Baş nazir qeyd edib ki, əməkdaşlıqdan həm Pekin, həm də Vaşinqton udur, münaqişədən isə hər iki tərəf itirir:
“Ona görə də mövcud anlaşılmazlığın tənzimlənməsi vacibdir. Bir çox sahələrdə ABŞ və Çinin birgə səyinə ehtiyac var. İlk növbədə, bu müxtəlif problemlərə qarşı birgə təsir etmək imkanlarıdır. Ölkələrimizin iqtisadiyyatı bir-biri ilə çox əlaqəlidir. Bununla belə sosial, mədəni və tarixi sistemdə fikir ayrılığı qaçılmazdır. Çin-ABŞ münasibətlərinin qaydasına düşməsi hər iki ölkə xalqlarının və dünyanın bütün sakinlərinin maraqlarına cavab verir”. Trampın Çinlə bağlı sərt açıqlamalarına rəğmən, rəsmi Pekin iki ölkə arasında gərginliyin tərəfdarı olmadığı görüntüsünü yaradır. Bəs, mövcud qarşıdurmada tərəflər nə qədər maraqlıdır?
İki ölkə arasındakı gərginliyi “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, siyasətdə bır sıra qarşıdurmalar reallığı əks etdirir, digərləri isə süni şəkildə şişirdilir:
“Amerika-Çin münasibətlərində reallıqla sünilik qarışıb. Böyük dövlətlər biri-birləri ilə qarşıdurmalardan həm qazanır, həm də itirirlər. Münasibətlər gərginləşir, lakin tamamilə pozulmur. Ümumiyyətlə, iri dövlətlər arasında münasibətlərin tam yaxşı olması, yaxud birdəfəlik pozulması mümkün deyil. ABŞ-Çin münasibətlərinə də bu prizmadan baxmalıyıq. Tərəflər arasında zaman-zaman qarşıdurmalar yaşanacaq və fasilələrlə uzun müddət davam edəcək”.