ABŞ Rusiyanı koronavirusla bağlı dezinformasiya yaymaqda ittiham edib

ABŞ-da Rusiya xüsusi xidmət orqanları koronavirus pandemiyası ilə əlaqədar üç ingilisdilli saytdan istifadə etməklə, dezinformasiya yaymaqda ittiham olunub.
“Associated Press” bu xəbəri yayarkən ABŞ hakimiyyətinin adları açıqlanmayan təmsilçilərinə istinad edib.
Mənbələrin sözlərinə görə, dezinformasiyanın yayılması ilə Moskvanın hərbi kəşfiyyatında əvvəllər çalışmış iki rusiyalı məşğul olur.
Rəsmi şəxslərdən biri bildirib ki, 2020-ci ilin mayından iyuluna qədər üç ingilisdilli sayt təxminən 150 məqalə hazırlayıb ki, burada da Rusiya müsbət, ABŞ isə mənfi rolda təqdim olunub.
Mənbələr hesab edir ki, Rusiya dezinformasiyaların köməyi ilə ölkədə noyabrda keçiriləcək seçkilərin nəticəsinə təsir göstərmək istəyir.