“Amerika səfirliyi hadisələrdən narahat olduğu ilə bağlı bəyanat verib”
“Növbəti aylarda vəziyyət kökündən dəyişilməyəcək”
“Ortaq məxrəcə gəlmək üçün bütün partiyalar arasında siyasi iradə olmalı, danışıqlar aparılmalıdır”
Dünya ölkələrinin siyasi palitrası qarışıb, konfiqurasiya yenidən formalaşır. Məsələn, elə qonşu Gürcüstanda hakimiyyətə yeni nümayəndənin gəlməsi ilə siyasi sferada proseslər dəyişdi. Çox keçmədi ki, həbslər başladı. Belə ki, Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya saxlanıldı. Bu ərəfədə Gürcüstanın eks- prezident Mixeil Saakaşvili yeni hakimiyyətin fəaliyyətinə dair açıqlama verib: “Yazıq ölkəm! Kimin əlinə düşdün? – Bunların mövcudluğu sona çatır!”.
İndiki hakimiyyətdən narazı olan keçmiş prezidentin sözlərinə əsasən demək olar ki, durum heç də ürəkaçan deyil.
Görəsən, Gürcüstanın gələcək vəziyyəti necə olacaq?
Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı "Sherg.az"a danışıb. O, bildirib ki, Gürcüstanda indiki hakimiyyət dönəmində, 9 il ərzində 6 dəfə baş nazir dəyişilib:
"Ümumiyyətlə, bu postsovet məkanında misilsiz hadisədir. Bir Moldova da, bir də Gürcüstanda belə durum yaşanıb.Bu o deməkdir ki, ölkədə daxili siyasi stabillik yoxdur.
Saakaşlivi təxminən 10 il hakimiyyətdə olub. Onun dönəmində də Baş nazirlər yenilənirdi. Amma ölkənin siyasi dəsti -xətti dəyişilməz olaraq qalırdı. İndiki dövrdə belə deyil, mürəkkəblik var.
Hakim partiyanın daxilində də müxtəlif siyasi proseslər gedir, bu cəmiyyətə də təsir göstərir. Gələcəkdə hər şeyin qaydasında olacağını düşünmürəm.
Amerika səfirliyi hadisələrdən narahat olduğu ilə bağlı bəyanat verib. Çünki vətəndaş qarşıdurması elementləri var. Bu vəziyyət qonşu ölkənin siyasi sütunlarının zəifləməsinə gətirib çıxara bilər.
Növbəti aylarda vəziyyət kökündən dəyişilməyəcək. Ortaq məxrəcə gəlmək üçün bütün partiyalar arasında siyasi iradə olmalı, danışıqlar aparılmalıdır”.