ABŞ Əfqanıstanı planlarını hesaba almadan tərk edə bilməzdi
Son günlər Əfqanıstanda vəziyyət yenidən gərginləşib. Mütəxəssislər ölkənin əvvəlki xaotik dönəmə qayıtması ehtimalının artdığını deyirlər. Ötən gün isə "Taliban" hərəkatının liderlərinin ABŞ və Əfqanıstanda 2001-ci ildən bəri davam edən hərbi əməliyyatlarda iştirak etmiş ölkələrə ultimatum irəli sürdükləri bəlli olub. Bildirilir ki, xüsusilə də NATO qoşunlarının geri çəkilməsindən sonra ölkədə qalacaq hər hansı xarici qüvvə işğalçı kimi qəbul ediləcək.
Mövzunu "Şərq"ə dəyərləndirən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib ki, müasir dünyanın ən problemli və həll edilməsi mürəkkəb olan Əfqanıstan məsələsi yenidən öz aktuallığı ilə dünya gündəmində ön sıraya çıxır. O qeyd edib ki, 70-ci illərdə Amerikanın Əfqanıstana girməsi ilə mürəkkəbləşən vəziyyət hələ də aktualdır:
"Onun aktual qalması, hesab etmək olar ki, əfqan xalqının birinci dünya müharibəsindən sonra ingilis müstəmləkəsinə qarşı əldə etdiyi son qələbəsindən sonra onun heç bir dövlətin işğalı altında yaşamaq istəmədiyinin bariz nümunəsidir. Amerika 70-ci illərin ortasında Əfqanıstanı tərk etdi. 79-cu ilin 25 dekabrından sonra sovet işğalı başladı və 1989-cu ilə kimi davam etdi. Bu işğalın nəticəsi indiki "Taliban"ı yaratdı. Belə ki, 80-ci illərin əvvəllərində sovet işğalına qarşı döyüşən puştun mücahidlər öz arvad-uşaqlarını Pakistanın Pişəvəri şəhərinə göndərib, öz mübarizələrini davam etdirdilər. Bu qaçqın insanların 6 milyondan çox olduğu qeyd edilirdi ki, bunların da 220 mini uşaq idi. Pakistanda İdarələrarası Kəşfiyyat Təşkilatı bu uşaqların təhsil alması üçün Pakistan-Əfqanıstan sərhədində 2000 təhsil ocaqları, mədrəsələr açdı və bu mədrəsələr qaçqın uşaqlar üçün gələcəyə ümid oldu. Bu uşaqlara Amerika və Səudiyyə Ərəbistanının varlı ailələri hesabına təhsil verilirdi, həm də hərb öyrədilirdi. Onları vahabi təriqəti ruhunda böyüdür, eyni zamanda onlara dünyanı onların xilas edəcəyi fikri təlqin edilirdi. Zaman keçir və bir müddətdən sonra bu uşaqlar Pakistan kəşfiyyat idarəsi vasitəsilə Əfqanıstanda döyüşən bacı-qardaşlarına dəstək üçün qruplar düzəldib ora göndərirlər və beləliklə də "Taliban" yaranır. "Taliban" tələbə deməkdir. Taliban uzun illər sovet ordusuna qarşı döyüşüb. 2001-ci il 11 senyabr Amerikaya terror hücumundan sonra Amerika Əfqanıstana girir və 20 ildən sonra 2021-ci ilin 11 sentyabrına kimi Əfqanıstanı tərk etməyi planlaşdırır ki, artıq böyük ölçüdə bunu başa çatdırıb".
A.Qasımov qeyd edib ki, Taliban artıq elə bir gücə çevrilib ki, onu yaradan Pakistan İdarələrarası Kəşfiyyat təşkilatının belə sözünü eşitmir:
"Hətta Pakistanın ərazi bütövlüyünə belə təhlükə yaradar hala gəlib. Hazırda orada durum çox qarışıqdır, amma hesab edirəm ki, idarə olunandır. Amerika Əfqanıstanı tərk etməzdən əvvəl "Taliban"la danışıqlar apardı. Bu danışıqların əsas məqsədi hesab etmək olar ki, Amerika və NATO qoşunları Əfqanıstanı tərk edəndən sonrakı dövrdə baş verəcək hadisələrin planlaşdırılması idi. Çünki məntiqlə Amerika oranı sonrakı addımlarını hesaba almadan tərk edə bilməz. Əks halda bu, Amerikanı məğlub və zəif göstərərdi. Amerikanın hədəfində Rusiya və Çin olduğu üçün o, regionda xaos yaratmaqla hər iki dövləti zəiflətmək, planlarını pozmaq istəyir. Rusiya KTMT üzvü olan Qırğızıstan, Tacikistan və digər Orta Asiya dövlətlərini qorumağa məcburdur. Rusiya rəsmilərinin son bəyanatlarından da görünür ki, bu, onları çox narahat edib, büruzə verməməyə çalışsalar da. Çinin isə tranzit maraqlarına zərbə vurulur, tranzit xətləri təhlükə altına düşür. Burda Türkiyə önə çıxır və problemin həll edilməsində ilk baxışda tək ölkə kimi görünür. Türkiyə Pakistanla "Taliban"a qarşı müəyyən addımlar ata bilər, amma bu, güc deyil, humanitar yardım və s. bu kimi addımlar şəklində olmalıdır. Hesab edirəm ki, Türkiyənin Əfqanıstanda uğur əldə etmək şansları böyükdür. Türkiyə əgər Əfqanıstan probleminin həllində uğura nail olsa, artıq dünya gücü kimi onun qarşısında kimsə dura bilməyəcək".