ABŞ şərait yaratdı


"Taliban" gec-tez qonşu ölkələrə də hücumlar edəcək
Qərb ölkələrinin istəyi budur ki, ilk növbədə zərbə Rusiyaya dəysin

Əfqanıstanda gərgin vəziyyət davam edir. "Taliban" artıq İranla sərhəd ərazilərdən birini nəzarətə götürüb. "France-Press" agentliyinin yaydığı məlumata görə, silahlılar Əfqanıstan-İran sərhədindəki əsas sərhəd keçid məntəqəsini ələ keçirib. "Taliban" nümayəndələri iddia edirlər ki, artıq sərhəddə olan İslam-Kala yaşayış məntəqəsi tamamilə onların nəzarətinə keçib. "Taliban"ın sözçüsü isə "RİA Novosti"yə verdiyi açıqlamasında qonşu ölkələri sərhəd təhlükəsizliyindən narahat olmamağa çağırıb.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında Əfqanıstanda davam edən gərgin vəziyyətdən danışıb:

"Taliban"ın qayıdıb təzədən revanş olaraq hakimiyyəti ələ keçirməsi hansı siyasətin nəticəsidir? Bu son 20 ildə edilən yanlışların, yəni Amerikanın girib orada strateji olaraq digər ölkələrə təsirinin nəticəsidir. Əfqanıstanda, ümumiyyətlə bəlanın əksik olmamasının səbəbi onun strateji mövqeyinə görədir. Çünki onun Çinə, Rusiyaya, İrana, Hindistana yaxınlığı var. Həmçinin, dünyanın əsas ticarət yolları məhz buradan keçir. Qeyd edim ki, qeyri-qanuni ticarətə aid hesab edilən narkoticarətin əsas yollarının bu bölgədən keçməsi də böyük problemdir. Çünki hər kəs ona nəzarət etməyə və  gəlib həmin bölgədə də söz sahibi olmağa çalışır. Burda ən böyük söz sahibi şübhəsiz ki, "Taliban" idi. Bu radikal dini qruplar müxtəlif şəbəkələr tərəfindən dəstəklənir və silahlandırılır. İndi "Taliban"ın bütövlükdə ölkəni ələ keçirməsi nədən xəbər verir? Hesab edirəm ki, gec-tez onların ətraf bölgələrə, ölkələrə hücum məsələsi də gündəmə gələcək. Çünki onlar həm də din ixracı ilə məşğuldurlar".

Ə.Əlibəyli əlavə edib ki, Azərbaycanla yanaşı Türkiyənin artıq həmin bölgədə söz sahibi olması məsələsi gündəmə gəlib:

"Bu, Türkiyənin beynəlxalq münasibətlərdə bundan sonrakı oynadığı rolu daha da qabartması və daha da vacib rol oynaması anlamına gəlir. Məsələ odur ki, heç kim təminat vermir ki, o, qonşu ölkələrə hücum eləməyəcək.  Birincisi, Özbəkistanda, Orta Asiyanın müxtəlif ölkələrində, Tacikistanda, o cümlədən Qırğızıstanda demək olar ki, taliblərin çox geniş şəkildə əlaqələri var. Onlara qoşulanların sayı da artmaqdadır. Ona görə də hesab edirəm ki, birinci növbədə bu, Qərb ölkələrinin istəyidir ki, "Taliban" bir çox ölkələrə nəzarət eləsin və ilk növbədə zərbəni Rusiyaya vursun. Əsl mahiyyət də bundan ibarətdir".