Türkiyənin "Taliban" siyasəti də uğurlu olacaq

Ərdoğan ölkəsinin xarici siyasətini çox gözəl şaxələndirib

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır. O qeyd edib ki, hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir: “Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də "Taliban" liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”. Bəs Türkiyənin "Taliban"la anlaşması və əməkdaşlığı bu ölkə üçün nə dərəcədə vacibdir?

Siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, Ərdoğanın Türkiyənin mövqeyini gündəmə gətirməsinin bir neçə səbəbi var:

"Birincisi, Türkiyə ordusu, o cümlədən Azərbaycan sülhməramlıları Kabil hava limanını qoruyur və onun təhlükəsizliyini təmin edir. NATO-nun üzvü kimi Türkiyənin orda qalması çox vacibdir. İkincisi, Ərdoğan sivil islamın dünyada yayılmasının tərəfdarıdır. O, Türkiyəni dünyəvi bir dövlət formasına gətirdiyinə və islamı terrordan uzaqlaşdırmağa müvəffəq olduğuna görə indi də istəyir ki, Əfqanıstan da terrordan uzaq bir dövlət olsun, yəni fundamentalizm baş alıb getməsin. Başlıcası, İrandakı islam olmasın. Çünki bunlar orda İslam Əmirliyi yaratmaq istəyirlər. Üçüncüsü, nəzərə alsaq ki, Əfqanıstan əhalisinin üçdə biri türkdür, yəni orda 11 milyona yaxın təmiz türk kökənlilər yaşayırlar. İstər xəzərlilər, istər avşarlar, istər Qarabağdan köçmə digər tayfalar və s.orada məskunlaşıblar. Təbii ki, onları qorumaq lazımdır. Türkün onlara sahib çıxması çox böyük bir şeydir".

C.Nuriyev əlavə edib ki, Türkiyənin bu qədər problemi olduğu bir şəraitdə Əfqanıstandakı türklərə də sahiblənməsi, əslində başqa dövlətlər üçün bir mesajdır: "Nəzərə alsaq ki, məsələn, Rusiyada 27 milyon, İranda 40 milyon türk yaşayır. Bütün bunların hamısı o deməkdir ki, bir türk birliyi yaradılması üçün kimsə liderliyini ələ götürməlidir. Buna da ancaq Türkiyənin imkanları var. Çox xoşdur ki, bu missiyanı Ərdoğan öz üzərinə götürüb. Ona görə də elan elədi ki, biz "Taliban"larla danışıqlara açığıq. Tək Türkiyə yox, artıq Pakistan da sərhədləri açıb. Eyni zamanda Pakistan Əfqanıstanda yeni talib hakimiyyətini tanımağa çalışır. Burada başqa bir məsələ də var. Bilirsiniz ki, Əfqanıstanda bir əyalət var ki, hələlik "Taliban"a tabe olmayıb və həmin əyalətdə türklər yaşayır. Onlar dünyaya silahla və digər məsələlərlə bağlı müraciət edib. Ərdoğan ilk növbədə istəmir ki, burda qırılanlar türk olsun. İkincisi də bir-birilərini qıran yenə də müsəlmanlar olacaq. Bilirsiniz ki, bu da müasir dövrün islama qarşı ən ciddi və əsas planlarından biridir. Ərdoğan da bu məsələlərə görə Türkiyənin rolunu daha çox qabartmaq, Türkiyənin miss liderliyini gündəmə gətirmək, Türkiyənin bir humanist dövlət olduğunu və islamın humanist din olduğunu göstərmək istəyir, yəni burada çox maraqlı məqsədlər var. Hesab edirəm ki, Ərdoğan Türkiyənin xarici siyasətini çox gözəl şaxələndirib, diversifikasiya edir. Bu mənada da onun atdığı addımı çox uğurlu sayıram. İnanıram ki, uğurlu da olacaq".