Bir azdan "Taliban" Əfqanıstana daha sərt qanunlar gətirəcək

"Facebook"un hərəkatın sosial şəbəkələrdəki bütün hesablarını silməsi təqdirəlayiq addımdır

“Facebook” radikal “Taliban” hərəkatının sosial şəbəkələrdəki bütün hesablarını silib. Bildirildiyi kimi, bu həm də İT nəhənginə məxsus olan “İnstagram” və “WhatsApp” messencerinə də aid olub. Bu barədə “Secretmag”a istinadən xəbər verir. Xatırladaq ki, daha əvvəl media “Taliban”ın Əfqanıstan sakinlərinə müraciət etmək üçün “WhatsApp”dan istifadə etməsi məlum olub. Bununla “Taliban” yerli əhalinin rəğbətini qazanmağa çalışıb. Qeyd edək ki, “Facebook” mütəxəssisləri həm də puştu və dari dillərini bilən əfqan ekspertlərinə müraciət ediblər. Onlar “Facebook” və “İnstaqram”dakı uyğun olmayan kontentin silinməsi ilə məşğul olurlar.

Siyasi analitik Turan Rzayev "Şərq"ə açıqlamasında deyib ki, "Facebook" şirkətinin atdığı addım çox müsbətdir. Çünki şirkətin bununla bağlı verdiyi ilk mesaj odur ki, o, terroru dəstəkləyən bir platforma deyil və istənilən halda terror təşkilatı adlandırılan bir qrupun onun platforması üzərindən siyasi mesajlar verməsi yolverilməzdir:

"Təbii ki, belə bir terror təşkilatlarının sosial media platforması üzərindən siyasi mesajlar verməsi bu şirkətlər üçün ciddi mənada zərərlidir. Təbii ki, bu məsələ ilk növbədə onu göstərir ki, "Taliban", İŞİD və s. kimi digər terrorçular da sosial şəbəkələrdən aktiv istifadə edir. Ona görə də “Facebook”un radikal “Taliban” hərəkatının sosial şəbəkələrdəki bütün hesablarını silməsi təqdirəlayiq addımdır. Düzdür, sosial şəbəkələrin hər nə qədər imkanları geniş olsa da burada imkanlardan sui-istifadə hallarına yol verilməməlidir. Terror təşkilatları və islam radikal qruplaşmaları bu günləri sosial şəbəkələr üzərindən təbliğatlar edirlər və dini radikalizm formasında sıralarını genişləndirirlər. "Facebook" əslində bu cür qərarı daha öncədən verməli idi. Düzdür, Avropa üçün "Taliban" hazırda təhdiddir. Dünyanın əksər təşkilatları və dövlətləri onu terror təşkilatı olaraq adlandırır. Bu gün terror təşkilatı adlandırılan bir qurumun hakimiyyəti ələ keçirməsi təbii ki, bir çox insanlar arasında təşviş yaradıb. "Taliban" Əfqanıstanın bütün resurslarından tam mənada istifadə edir.

Düşünürəm ki, "Facebook"dan istifadə edən Avropadakı istifadəçilərinin təhlükəsizliyi baxımından "Taliban" istifadəçilərinin hesabları dondurulması, sosial şəbəkələrdə onlara məhdudiyyətlərin qoyulması düzgün addımdır. Çünki gələcəkdə "Taliban"ın ölkə xaricinə çıxmaması üçün bu resurslar bağladılmalı, onların sosial şəbəkələrdən əlçatanlığı limitləşdirilməlidir".

T.Rzayev vurğulayıb ki, dünyanın əsas təşkilatları və dövlətləri "Taliban"ı terror təşkilatı kimi tanıyır: "Bundan sonra onun hansı addım atacağı təbii ki, maraqlıdır. Son bəyanatlardan görünür ki, "Taliban" müəyyən mənada nifrət qazanmamaq üçün nələrəsə güzəştə gedir. Ancaq əminəm ki, gələcəkdə bunun əksi olacaq və "Taliban" Əfqanıstana daha sərt qanunları gətirəcək. Bunu bir çox dövlət qurumları və şirkətlər də bilir. Ona görə də onların sosial şəbəkələrə çıxışı bu yolla alınır. "Facebook" kimi məsuliyyətli bir meqa şirkətin belə addım atması onun prestiji və abunəçilərinin təhlükəsizliyini qorumaq üçün önəmlidir. Nəzərə almaq lazımdır ki, müharibələr təkcə silahla aparılmır. İdeoloji müharibələr də var və onlar sosial şəbəkələr üzərindən gedir. Ümumiyyətlə, sosial şəbəkələrdə "Taliban" kimi bir terror təşkilatının çıxışının olması istənilən halda qəbuledilməzdir".