Ankara hərbçilərini geri çəkməyəcək


Əksinə, Türkiyə Pakistan və Əfqanıstanda öz mövqeyini gücləndirəcək

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına baxmayaraq Türkiyə sülhməramlı kontingenti hələ də Kabil hava limanının mühafizəsini həyata keçirir. Türk hərbçiləri ilə yanaşı Azərbaycan sülhməramlıları da Əfqanıstandakı fəaliyyətini davam etdirir və mövcud situasiya hər iki ölkə üçün də olduqca risklidir. Maraqlıdır, Türkiyə Əfqanıstandan öz hərbiçilərini geri çəkəcəkmi?

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyənin Əfqanıstanda öz hərbiçilərini geri çəkməsi, ümumiyyətlə, bu ölkədə siyasi-hərbi fəaliyyətinə son qoyması gözlənilmir. O qeyd edib ki, əgər Türkiyə Əfqanıstandan çıxarsa, regional siyasəti tənəzzülə uğraya bilər: "Qeyd edim ki, Liviyadan başlayaraq Yaxın Şərq və Cənubi Qafqaz siyasətindən Mərkəzi Asiya siyasətinə açılım edən Ankaranın əsas hədəfi dünya nizamında yer almaqdır. Həmçinin, Pakistanla siyasi-hərbi əlaqələri inkişaf etdirməsi, Ankaranın Mərkəzi Asiya və Orta Şərqdə geosiyasi mövqelərini möhkəmləndirəcək. Ona görə də Əfqanıstandan çıxmayacağı, hətta "Taliban"ı tanıyacağı, Pakistan vasitəsilə "Taliban"la sıx əməkdaşlıq edərək, bu ölkədə sülhün əldə edilməsinə töhfə verə bilər".

Politoloq qeyd edib ki, Türkiyənin Əfqanıstan siyasəti regional maraqlarına cavab verir: "Təbii ki, burada Türkiyənin rolu sülhün əldə edilməsinə töhfə verəcək. "Taliban" da Türkiyə ilə əməkdaşlıqda maraqlı görünür. Əfqanıstanda Pakistan və Türkiyə öz mövqeyini gücləndirəcək. Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda fəaliyyətinə gəldikdə isə Türkiyə ilə bu, koordinasiya edilir. Görünür, Türkiyəyə bu istiqamətdə Azərbaycan dəstək verəcək".