Ölüm halları Ermənistan ordusunu çökdürüb


Ölkədə hərbi, mənəvi ruh demək olar ki, sıfır səviyyəsindədir

Ermənistan Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Qarakilsə) ofisinin yaydığı məlumata görə, ilin əvvəlindən 44 erməni əsgəri ölüb ki, onlardan 35-i bir-birini qətlə yetiriblər. Bütün bu fakt onu göstərir ki, Ermənistan ordusunda vəziyyət çox ciddidir. Hərc-mərclik və tabesizliyin yayıldığı belə bir şəraitdə Ermənistan ordusunda fərrarilik halları da geniş vüsət alıb.

Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə qarışıqlıqlar və özbaşınalıqlardan deyil, həm də gündən-günə ağırlaşan sosial-iqtisadi durumdan ciddi əziyyət çəkirlər. Acı reallıqlar qarşısında çarəsiz vəziyyətə düşən Ermənistan hakimiyyəti bir tərəfdən də ordu daxilində xəyanətlərlə üzləşməkdədir.

Ermənistanın əsgər ölümlərinə görə dünyada rekord həddə çatmış ölkələrdən biri olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, bundan əvvəl Ermənistan dünya reytinq siyahılarında, guya, avtomobil qəzasında ən çox hərbiçisini itirmiş ölkə kimi xarakterizə olunurdu: "Ermənistanda nizamnamədən kənar davranışlara görə, ölənlərin sayı həddən artıq çoxdur. Ermənistan əsgər ölümlərini gizlətmək üçün yalandan hərbi qəza və sair kimi faktorlardan istifadə edir. Lakin dəfələrlə erməni valideynlərinin Ermənistan Müdafiə Nazirliyi qarşısında keçirdiyi aksiyalar və ümumiyyətlə, Ermənistan ordusundakı xaos, özbaşınalıq göstərir ki, orduda hərbi nizam-intizam yoxdur. Ordu sıralarındakı hərbiçi etikası və hərbi vətənpərvərlik ruhu demək olar ki, sıfır səviyyəsindədir. Komandirlər tərəfindən orduda əsgərlər daim zorakılığa məruz qalırlar. Erməni əsgərləri arasında dedovşinanın hələ də mövcud olması, eyni zamanda köhnə hərbiçilərin yeni gələnləri sıxışdırması Ermənistan ordusunda intiharlara və əsgər ölümlərinə səbəb olur. Eyni zamanda texniki biliklərin olmaması, silahlarla davranışların da normal öyrənilməməsi nəticəsində xeyli erməni əsgəri və hərbiçisi həyatı itirib. Düşünürəm ki, bütün bunların fonunda hərbi və mənəvi psixoloji ruh da Ermənistanda çox pis vəziyyətdədir. Bütün bunlar isə uzun illər Ermənistanın işğalçı olmasını, ordu içərisində islahatlar aparmamasını, ümumiyyətlə, Ermənistanda dövlət idarəçiliyinin olmamasının baris göstəricisidir".

Aynurə Pənahqızı