İran Avropadan 30 milyon doza peyvənd alacaq


İran Avropa şirkətləri ilə “Pfizer” və “Moderna” peyvəndi almaq üçün danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın koronavirusa qarşı mübarizə qərargahının nümayəndəsi Əlirza Rəisi verib. O bildirib ki, İran sentyabrın sonuna kimi Avropadan 30 milyon doza peyvənd alacaq. Bundan başqa yerli “Kov İran” peyvəndinin istehsalı noyabrda 15 milyon dozaya kimi artırılacaq.

İranın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə son 24 saat ərzində ölkə ərazisində 36 min 419 nəfər virusa yoluxub, 684 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da İranda yoluxanların ümumi sayı 4 milyon 677 min 114 nəfərə, ölənlər isə 102 min 38-ə çatıb.

Xəstəxanalarda müalicə alan 7662 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 932 min 472 xəstə isə sağalaraq evə buraxılıb.