Taliblər müqavimət liderinə təslim olmaq üçün dörd saat vaxt verib


“Taliban” silahlıları hərəkatın nəzarətində olmayan Pəncşir əyalətində müqavimət lideri Əhməd Məsuda təslim olmaq üçün dörd saat vaxt verdiklərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

“Taliban” hərəkatı Əhməd Məsuda təslim olmaq üçün dörd saat vaxt verib. Hərəkat bəyan edib ki, Əhməd Məsudun və Əfqanıstanın birinci vitse-prezidenti Əmrulla Salehin olduqları Pəncşir əyalətini tutmağa hazırdır”, - deyə telekanalın xəbərində deyilir. Bununla bağlı yayılmış videoda taliblər bildirirlər ki, onların qoşunları Pəncşirə tərəf irəliləyir, Salehin və Məsudun tərəfdarları isə ya əyalət üzərində nəzarəti dörd saat ərzində təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.

Bu ərəfədə müqavimət döyüşçülərinin lideri bildirmişdi ki, onlar taliblərlə əlaqə saxlayırlar və Əfqanıstanda “Taliban” ilə inklüziv hökumət formalaşdırmağa hazırdırlar.

Xatırladaq ki, “Taliban” hərəkatının döyüşçüləri ötən bazar günü paytaxt Kabilə döyüşsüz daxil olaraq şəhəri tam nəzarətə götürüb. Prezident Əşrəf Qani həmin gün ölkəni tərk edib. O, bunu qan tökülməməsi üçün etdiyini deyib.