"Amerika və Fransa bölgəyə yenidən qayıtmaq istəyir"

İlqar Vəlizadə: "Prosesi yubatmaq və yenidən dalana dirəmək ilk növbədə Ermənistan hökuməti üçün əlverişlidir"

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi “Qarabağ münaqişəsi”nin tənzimlənməsi barədə çağırış edib. Səfir bildirib ki, müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə tənzimlənməyib və “Dağlıq Qarabağın statusu” hələ də müəyyən olunmayıb. Treysi vurğulayıb ki, Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədri qismində işləyərək vəziyyətin eskalasiyasını azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq: “Həllini tapmamış məsələlərə, müharibədən sonrakı vəziyyətə baxmalı, qalan məsələlərin yekun həllinə nail olmalıyıq”. Separatçı David Babayan ABŞ səfirinin bəyanatını əhəmiyyətli hadisə adlandırıb. O deyib ki, bu çıxış ölkə rəhbərinin bəyanatlarına rəğmən Qarabağın “status” məsələsinin həll olunmadığını göstərir. Fransa da bu məsələ barədə bəyanatlar verib. Rusiya Prezidenti Putin deyib ki, Qarabağın “status”u mürəkkəb məsələdir və onun həllini gələcəyə saxlamaq lazımdır. Halbuki, Azərbaycan Prezidenti münaqişənin artıq həll olunduğunu və “status” məsələsinə baxılmayacağını dəfələrlə bəyan edib. O baxımdan İrəvandakı səfirin Zəngəzura səfəri zamanı Qarabağın “status”u haqqında açıqlama verməsi təkcə beynəlxalq hüquq baxımından yox, Amerikanın daxili siyasəti nöqteyi-nəzərindən də qanunaziddir. Bu cür yanaşma ABŞ-ın müttəfiqlərinin, NATO-nun, Avropa Birliyinin rəsmi mövqeyinə qarşı hörmətsizlikdir. Ümumiyyətlə, Amerikanın 907-ci düzəlişi donduraraq, Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün addımlar atdığı bir vaxtda səfir Treysinin məsuliyyətsiz açıqlamaları başadüşülən deyil. 

Amerikalı səfirin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, müharibədən sonra imzalanan üçtərəfli sazişlərdə və ondan sonrakı müzakirələrdə ABŞ və Fransanın yer almaması Qərb ölkələrini narazı salan əsas məqamlardır. Ekspertin sözlərinə görə, Vaşinqton və Paris özlərini regionda sıxışdırılmış görür və prosesə müdaxilə etmək üçün dəridən-qabıqdan çıxırlar:

“İndiki məqamda bölgəyə geri dönməyin ən optimal yolu Qarabağın “status”u məsələsini yenidən qaldırmaq və münaqişənin bitmədiyini israrla gündəmə gətirməkdir. ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduqlarını “xatırladaraq” Qarabağ ətrafındakı proseslərdə iştiraklarını vacib sayırlar. Təkcə Rusiyanın vasitəçiliyi ilə əldə olunacaq nəticənin yarımçıq olacağını vurğulayır və gedişata töhfə verəcəklərini iddia edirlər. Təbii olaraq bu iki ölkənin heç birinə Azərbaycan ictimaiyyəti etimad göstərmir. Çünki ABŞ və Fransanın 30 illik vasitəçilik dövründə hansı addımları atdığı bəllidir. Reallıq odur ki, Rusiya mövcud vəziyyəti öz xeyrinə dəyərləndirərək, moderator qismində önə çıxdı və vasitəçiliyi üzərinə götürdü. Məsələləri pis-yaxşı tənzimləməyə çalışdı. İndi Amerika və Fransa bölgəyə yenidən geri dönmək niyyətindədir və əfsuslar olsun ki, bu dəfə də təqdim etdikləri konkret proqram yoxdur”. 

Siyasi şərhçi vurğulayıb ki, əksinə, həm amerikalı, həm də fransalı rəsmilərin bəyanatları rəsmi Bakının mövqeyinə ziddir:

“Əlbəttə, iki ölkənin yanaşması Ermənistan üçün xeyirlidir. Çünki Ermənistan məğlub tərəfdir və baş nazir Nikol Paşinyan məcburiyyət qarşısında qaldığı üçün kapitulyasiya sənədinə imza atıb. Prosesi yubatmaq və yenidən dalana dirəmək ilk növbədə Ermənistan hökuməti üçün əlverişlidir. İrəvanın üçtərəfli sazişdən qaçması və yeni gündəlik tələb etməsi başadüşüləndir. Amma həm Qərbin gecikmiş “fəallığı”, həm də Ermənistanın ümidlənməsi boşunadır. Çünki bölgədə artıq yeni reallıqlar hökm sürür”.