ABŞ Talibanla manipulyasiya edir:“Əfqanıstan 100 il geriyə gedəcək”

Rusiya, Çin, ABŞ və Pakistan Kabildə Əfqanıstanla bağlı görüş keçirəcəklər. Bu barədə Rusiya XİN-dən məlumat verilib. Bildirilib ki, vəziyyətin stabilləşməsindən və aeroportun fəaliyyətinin bərpa edilməsindən sonra tərəflər Əfqanıstanın paytaxtı Kabil şəhərində görüş keçirəcəklər.
Görüşdə Əfqanıstanla bağlı məsələlər müzakirə ediləcək.

Görüşün perspektivini şərh edən jurnalist, siyasi şərhçi Fuad Abbasov “Sherg.az”a bildirib ki, bu, böyük planın tərkib hissəsidir: 

“2001-ci ildə Əfqanıstanda Talibanla ABŞ arasında baş verən müharibədə hərbi jurnalist kimi iştirak etmişəm. ABŞ-ın Talibana qarşı mübarizəsinin şahidiyəm. İyirmi il əvvəl ABŞ sözügedən qruplaşmaya qarşı necə vuruşurdusa, indi onu bir o qədər dəstəkləyir. Təsaüfi deyil ki, əfqan hakimiyyəti üçün ayrılan milyardlarla pul Talibana sanki hədiyyə edildi. Eyni zamanda ABŞ qoşunları Əfqanıstandan çıxarkən texnika Talibana qaldı. Niyə? Çünki Vaşinqton Talibandan gələcəkdə müxtəlif məqsədlər üçün istifadə etmək niyyətindədir”.

F.Abbasov,  həmçinin ABŞ-ın məqsədlərini açıqladı: 

“Bu supergüc regionda yeni reallıq yaratmaq istəyir. Dünyada radikal müsəlmanlara qarşı qorxu formalaşdırmaq niyyətindədir. Buna görə də Talibanın şiddət görüntüləri bütün planetə yayılır, bəşəriyyət bir növ manipulyasiya edilir.

Dünyaya mesaj verilir ki, Taliban planet üçün başlıca təhdid ola bilər. Əlbəttə, bütün bunlar ABŞ hakimiyyətinin dəstəyilə həyata keçirilir.

ABŞ-ın planları adətən uzaqmənzilli olur. Yəni biz indi baş verənlərin nəticəsini 15-20 il sonra görəcəyik. Amma Rusiya səfirliyinin Talibanla görüşmək istəməsi, radikal qruplaşmanın Türkiyəyə olan münasibəti Əfqanıstanı yaxın gələcəkdə məhz Talibanın idarə edəcəyini göstərir.

Ölkədə şəriət qaydalarına uyğun hakimiyyət formalaşdırılacaq, müasir idarəetmə olmayacaq. Bu isə o deməkdir ki, Əfqanıstan 100 il geriyə gedəcək”.