Qlobal sərnişin aviadaşımaları 2 il ərzində 53 % azalıb

İyul ayında dünya miqyasında sərnişin aviadaşımalarının həcmi böhrandan əvvəlki səviyyəyə (2019-cu ilin iyul ayı) nisbətən 53,1% azalıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) press-relizində bildirilir.

Eyni zamanda, 2020-ci ilin iyul ayı ilə müqayisədə qlobal sərnişin aviadaşımaları 123,9% artıb.

“Vaksinasiya prosesi və şimal yarımkürəsində yay dövründə ənənəvi olaraq çox olan səyahət sayəsində iyul ayında aviadaşımaların qlobal bərpası yaxşılaşıb”, - məlumatda deyilir.

Beynəlxalq sərnişin aviadaşımalarının həcmi iyul ayında 2019-cu ilin iyul ayı ilə müqayisədə 73,6%, daxili sərnişin daşımaların həcmi isə 15,6% azalıb.

IATA-nın məlumatına görə, böhran öncəsi səviyyə ilə müqayisədə ən böyük azalma Yaxın Şərq ölkələrində (-73,2%) və Asiya-Sakit okean regionunda (-62,7%) qeydə alınıb.

Avropada azalma 56,5%, Latın Amerikasında isə 44,5% olub. Ən mülayim geriləmə Şimali Amerikada müşahidə edilib - 28,5%.