“Taliban Şərqdə bütün ölkələrə təhlükə yarada bilər” - Şərh 

Əfqanıstanın yeni hökumətinə Taliban hərəkatının lideri Heybətullah Axundzadə başçılıq edəcək.
Bunu hərəkatın mədəniyyət komissiyasının üzvü Anamulla Səmənqani bəyan edib.
“O, hökumət başçısı olacaq. Bu barədə heç bir şübhə olmamalıdır”, -deyə “Taliban” rəsmisi bildirib.
Yayılan məlumatlara görə, yeni hökumətin tərkibi sentyabrın 3-də elan ediləcək.

 Hərbi-siyasi ekspert Həşim Səhrablı Talibanın gələcək taleyi barədə “Sherg.az”a danışdı. Onun fikrincə, baş verənlər birbaşa ABŞ-ın “başının altından çıxır:

“Düzdür, dünya dövlətlərinin Talibanla bağlı rəsmi və konkret mövqeyi hələlik yoxdur. Amma İran ən azı iqtisadi sahədə əməkdaşlıq etməyə razı kimi görünür. Rusiyanın neqativ münasibətinin, narahatlığının səbəbi isə aydındır. Belə ki, sovet qoşunlarının Əfqanıstana hücumu zamanı onların qarşısını alan məhz Taliban olmuşdu. Türkiyə və Taliban bir-birilərinə müsbət mesajlar versələr də, münasibətlər ziddiyyətlidir. Ankara Əfqanıstandakı yeni hökuməti tanımaqla özünə problem yarada bilər. Belədə düşmənlər terrorçu PKK-nın dövlət yaratması iddiası ilə çıxış edərlər. Ümumiyyətlə, Taliban Şərqdə bütün ölkələrə qarşı təhlükə yarada bilər. Belə bir terrorçu qruplaşmadan dövlət idarəçiliyi gözləmək əbəsdir. Kimlərlə ortaq olacaq, nə vaxt hansı qərarı verəcək bilinmir. Necə deyərlər, bu gün bir, sabah başqa söz deməsi mümkündür. Hər şeyi dəqiq hesab eləyən ABŞ çox yaxşı ağıl oyunu oynayır. İndi Türkiyənin Orta Asiyadakı yolunu nə Rusiya, nə də İran aça bilər. Bunu ancaq ABŞ bacarar. Beləliklə, bir müddət şərq blokuna meyillənən qardaş ölkə indi Əfqanıstanı itirməməkdən ötrü yenidən qərb blokuna qayıtmalı olacaq”.