Əfqanıstan mütləq dünyaya açılmalıdır

Daxili resursları hesabına uzun müddət hakimiyyətdə qalmaq mümkün deyil

"Taliban" məsələsində Bakı Ankara ilə eyni mövqe sərgiləyəcək

"Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid "Taliban" hökumətinin BMT-də yer almaq üçün dost ölkələrdən kömək istəyə biləcəyini qeyd edib. Zəbiullah Mücahidin sözlərində həqiqət var. Ümumiyyətlə, "Taliban"ın gec-tez dünya ölkələri ilə əlaqələri bərpa edəcəyi bəlli idi. Çünki hərəkat özü də anlayır ki, təkcə Əfqanıstanın daxili resursları hesabına uzun müddət hakimiyyətdə qalmaq mümkün deyil. Digər tərəfdən "Taliban" Əfqanıstanın leqal hakimiyyəti olmaq istəyirsə, dünyaya inteqrasiya etməyə məcburdur". 

Bu sözləri "Şərq"ə açıqlamasında siyasi-şərhçi Turan Rzayev deyib.  O qeyd edib ki, hazırda əksər ölkələr "Taliban"ı Əfqanıstanın leqal hakimiyyəti olaraq saymasa da, "Taliban"ın müraciət edəcəyi 4 müsəlman ölkə var: 

"Bu istiqamətdə "Taliban" Qətər, Pakistan, Türkiyə, hətta Azərbaycana belə müraciət edə bilər. Zəbiullah Mücahidi özü də qeyd edib ki, Qətər çətin dövrlərdə bizə dəstək verən digər ölkələr ilə aramızda vasitəçi rolunu oynaya, BMT-də yer almağımıza kömək edə bilər. Mücahidinin Qətərin adını çəkməsi təsadüfi deyil. Qətər "Taliban"a ən böyük dəstək verən, hətta hərəkatının mənzil qərargahlarından birinə ev sahibliyi edən ölkədir. Buna görə də hazırda "Taliban"ın ən böyük ümidi bu ölkəyədir. Pakistan da "Taliban"a BMT-də yer almaq üçün dəstək ola bilər. Bu gün Pakistanda 13 milyondan artıq peştun yaşayır. Bu say Əfqanıstanda yaşayan peştunlardan iki dəfə artıqdır. Onu da qeyd edim ki, "Taliban" Əfqanıstanda gücdən düşdyü bir zamanda belə Pakistan ərazisində öz gücünü bərpa edərək hərəkata davam edə bilirdi. Pakistanın uzun müddət verdiyi dəstək bu ölkənin bu gün "Taliban"a digər sahələrdə yardım edə biləcəyini göstərir".

T.Rzayev əlavə edib ki, Türkiyə və Azərbaycan hələ ki, "Taliban" hökumətinə ehtiyatla yanaşsa da, bu istiqamətdə dəstək ola bilər:

 "Taliban"ın verdiyi mesajlardan da aydındır ki, hərəkatın rəsmi Bakı və Ankaraya qarşı mövqeyi pis deyil. Xüsusilə Türkiyənin siyasi, gücü hərbi potensialı və söz sahibi mövqeyi "Taliban" üçün əvəzsiz imkandır. "Taliban" buna görə israrla Türkiyə ilə əlaqələri inkişaf etdirmək, Ankara vasitəsilə dünya siyasi arenasında özünə yer etmək istəyir. Rəsmi Bakının bu istiqamətdə Ankara ilə birlikdə hərəkət edəcəyi də şübhə doğurmur. Təsadüfi deyil ki, Azərbaycan tərəfi "Taliban" hökumətinə müsbət bir mövqe bildirmədiyi kimi, mənfi bir mövqe də bildirməyib. Digər bir məsələ də "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirmədən öncə Türkiyə, Azərbaycan, Pakistan və Əfqanıstan arasında regionda yaradılması planlanan 4-lü hərbi ittifaqdır. Rəsmi Bakı və Ankara ittifaqı bu gün də istəyir. Pakistanın da mövqeyinin dəyişmədiyini ehtimal etmək olar. "Taliban" hökuməti bu istiqamətdə müsbət addım atarsa, düşünürəm ki, rəsmi Bakı Ankara ilə birlikdə "Taliban" hökumətinin BMT-də yer almasına dəstək ola bilər".

Aynurə Pənahqızı