““Taliban”a 21 ay zaman verilməlidir” - ŞƏRH

“Ölkədəki hazırkı vəziyyətə görə məsuliyyəti təkcə “Taliban” yox, həm də onu üzüstə qoyan ABŞ daşıyır”

Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı əfqan kişilərinə saqqallarını qırxmağı və bərbərxanalara getməyi qadağan edib. “Taliban” bu qərarı İslam “normaları”nın tələbləri ilə izah edib. Bu barədə yerli “Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb.
Hafiz Rəşidin sözlərinə görə, ötən həftənin sonunda bölgədə qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. Helmandın özündə, əvvəllər olduğu kimi, cənub-şərqdəki Qəndəhar əyalətində də musiqi qadağa qoyulub.

Eyni zamanda "Taliban" hərəkatının siyasi bürosunun rəhbəri, Əfqanıstan Baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Qani Baradar Tacikistanı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb. O, “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə belə deyib.

Baradar bu barədə bunları söyləyib: "Tacikistan işlərimizə qarışır, hər bir hərəkətə qarşı çıxmaq olar".

Görünür, “Taliban” hakimiyyətinin ilk dövründəki(1995-2001) səhvlərdən dərs çıxarmaq istəmir. Əks halda, belə demək mümkünsə, başını salıb dinc şəkildə hakimiyyəti möhkəmləndirməyə çalışar, daha sağa- sola “daş atmazdı”.

 “Sherg.az” olaraq “Taliban”  hakimiyyətinin gördüyü tədbirlərin onun gələcək hakimiyyətinə təsiri barədə politoloq Natiq Miri ilə müzakirə apardıq:

- Belə radikal addımlar “Taliban”ın gələcəyi üçün nələr vəd edir?

- Fikrimcə, bu barədə indidən danışmaq və “Taliban”ı ittiham etmək tezdir. Əfqanıstanı siyasi blokadaya salmaq ədalətsizlik olar. Əksinə, ona vaxt vermək, şans tanımaq lazımdır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın yaratdığı və 21 il hökm sürən “kukla hakimiyyət” nəyəsə nail ola bilmədi. Bu mənada “Taliban”a dediyim kimi, heç olmasa 21 ay zaman verilməlidir. Ölkədəki hazırkı vəziyyətə görə məsuliyyəti təkcə “Taliban” yox, həm də onu üzüstə qoyan ABŞ daşıyır.

- ABŞ-ın asanlıqla Əfqanıstandan çıxması nə ilə bağlı idi?

- Məlum olduğu kimi, “Taliban” monolit təşkilat deyil. Onun daxilində müxtəlif terror ünsürləri var. Bu isə Əfqanəstanın gələcəyi üçün təhlükə deməkdir. ABŞ ölkədən çıxmaqla əslində orada xaotik durumun yaranmasını istəyirdi. Bu, Vaşinqtonun strateji maraqlarına uyğundur. Amma qardaş Türkiyə ilə Pakistan ABŞ-ın məkrli planının qarşısını aldı.

- Hazırkı müvəqqəti “Taliban” hökumətinin gələcəkdə legitimləşmək ehtimalı nə qədərdir?

- Normal seçkilər keçirilsə, ölkədə parlament və hökumət formalaşa bilər. Odur ki, ən azı seçkilərədək “Taliban”a vaxt verilməlidir. “Taliban” öz mübarizəsi ilə şansa haqq olduğunu sübut edib.

- Bəs “Taliban”ın legitimləşməsini istəməyən Rusiya, Çin nə edə bilərlər?

- Birbaşa hərbi müdaxilə ehtimalı, demək olar, sıfıra bərabərdir. Buna bir dəfə cəhd edən Rusiya və ABŞ-ın acı taleyi hər kəsə məlumdur. Əksinə, indiki şəraitdə daxildəki terrorçu ünsürlərin daha da dirçəlməsinin qarşısını almaq lazımdır. Və bu istiqamətdə Rusiya ilə Çin “Taliban”a kömək etməlidir. Çünki terrorçu ünsürlərin canlanması təkcə Əfqanıstan üçün yox, həmin ölkələrin özlərinə də təhlükə vəd edir. Deməli, Moskva, Pekin eyni ilə Ankara və İslamabad kimi “Taliban”la əməkdaşlıq yolunu tutsalar, prosesdən uduşlu çıxarlar.

Kənan Novruzov