"Taliban" Tehran görüşünə qatılmayacaq

Yeni hakimiyyət regionda söz sahibi ola biləcək ölkələrlə təmasda maraqlıdır

Əfqanıstanda hakimiyyətə gələn radikal "Taliban" hərəkatının nümayəndələri Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə iştirak etməyəcəklər. Bu barədə Əfqanıstanın "Ariana News" telekanalı məlumat yayıb. Məlumata görə, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində "Taliban" tərəfindən təyin olunan İnformasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib: "Əfqanıstan İslam Əmirliyi" ("Taliban" tərəfindən istifadə edilən dövlətin adı – red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq ".

Eyni zamanda o, nazirlərin Tehranda planlaşdırılan görüşünü “yaxşı” kimi qiymətləndirib. Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb. Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" rəsmilərinin bu görüşdə iştirak etmək istəməməsinin başlıca səbəbi görüşün Tehranda təşkil olunmasıdır. Analitik hesab edir ki, digər səbəb isə iştirakçıların Əfqanıstandakı proseslərə öz maraqları çərçivəsində yanaşmaları ola bilər: 

"Bu dövlətlər "Taliban" hakimiyyətinin onlara təhlükə ola biləcəyi narahatçılığı içərisindədir. Ona görə də belə görüşlərlə "Taliban"ın gələcək planlarını ən azı idarə etmək istəyirlər. "Taliban" hakimiyyəti əsasən Türkiyə və Pakistanın daha çox Əfqanıstanda nüfuz dairəsinin olmasını istəyir. "Taliban"ın dünya birliyi ölkələri arasında Əfqanıstanın öz yerini tutmaq üçün fəaliyyət göstərdiyi mütləqdir". 

A.Qasımov qeyd edib ki, əslində onların belə görüşlərə qatılması lazımdır:

 "Amma Əfqanıstanda söz sahibi ola biləcək ölkələrin bu görüşlərdə iştirakı onlara daha maraqlıdır. Xatırlayırsınızsa, bir müddət öncə Rusiya "Taliban"ın rəhbərləri ilə Moskvada görüşdü. Deməli, "Taliban" regionda söz sahibi ola biləcək ölkələrin iştirakı ilə olan görüşlərdə maraqlıdır. Amma "Taliban" hərəkatının Amerikanın regionda istəklərini həyata keçirməyə söz verdiyi şübhəsizdir. Bu baxımdan, Çin və Rusiyaya bağlı ölkələrlə əlaqələrin qurulmasında da Amerika söz sahibi olacaq. Hesab edirəm ki, "Taliban" hələlik bu ölkələrlə əlaqə qurmağa tələsmir, çünki regiondakı proseslər hələ ki, nəticə etibarı ilə özünün başlanğıc mərhələsindədir. Proseslərin gedişatının istiqamətinə görə, "Taliban" da öz tərəfini bəlli edəcək".